Vasif İsmayıl: “Peyvəndi vurdurmayanlar marketdə işləyə bilməyəcək”

Vasif İsmayıl: “Peyvəndi vurdurmayanlar marketdə işləyə bilməyəcək”
8 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 14-dən etibarən ölkə ərazisində koronavirusla əlaqədar karantin qaydaları sərtləşdirilib. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il yanvarın 31-dək uzadılıb, yanvarın 18-dək isə sərt karantin rejimi tətbiq edilib. 
"Toplum TV” yeni sərtləşdirilmiş karantin rejimi, görülən tədbirlər, eyni zamanda koronavirusa qarşı hazırlanan vaksinlərlə bağlı həkim Vasif İsmayılla danışıb.
- Vasif bəy, dekabrın 14-dən etibarən karantin qaydaları yenidən sərtləşdirildi. Sizcə, bu sərtləşdirmə lazım idimi? 
- Sərtləşdirmə lazım idi, çünki bundan öncəki qərarlar effektiv olmuşdu. İqtisadiyyatın buna nə qədər yol verəcəyini və insanların psixoloji durumuna necə təsir edəcəyi ilə bağlı fikir bildirmək isə çətindir.
- Azərbaycanda koronavirusa qarşı görülən mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?
- Pandemiyaya qarşı Azərbaycan hökumətinin gördüyü tədbirlərdə yanlışlar, əlbəttə ki, var. Lakin nəzərə alsaq ki, koronavirus qlobal məsələdir və bütün dövlətlər bundan əziyyət çəkir, Azərbaycanda görülən tədbirləri humanist və qənaətbəxş adlandırmaq olar.
- Koronavirusdan evdə müalicə alan xeyli sayda şəxs var. Bu şəxslər əsasən nələrə fikir verməlidir? 
- Koronavirus səbəbilə evdə müalicə alan şəxslərin ya tibbi savadı olmalıdır, ya da mütəmadi olaraq bu işi bacaran bir həkimlə əlaqədə olmalıdırlar. Bunun başqa çarəsi yoxdur. Bu xəstəliklə xəstənin özünün başa çıxmağa çalışması doğru deyil.
 
- Bəzi ölkələr sınaqdan keçirdikləri vaksinin effektiv olduğunu açıqladı. Hətta ABŞ-da vaksinin 100 faiz effektiv olduğu ilə bağlı informasiyalar da yayılıb. Sizcə, bu realdırmı? Şəxsən siz hansı ölkənin vaksininə daha çox etibar edərdiniz?
- Əslində, normalda peyvəndləri ölkələr yox, şirkətlər hazırlayır. Amma Çin, Türkiyə və  Rusiyada bu məsələ dövlət səviyyəsində qaldırıldığı üçün o ölkələrdə peyvəndlərin tapılmasından danışmaq olar. Ümumiyyətlə, elm dünyasında heç bir söz boşuna söylənmir. 100 faiz effektiv olması məsələsinə gəldikdə bu mediada yayılmış bir ifadə ola bilər. Heç bir həkim peyvəndin 100 faiz effektiv olduğunu söyləməz. Mənim şəxsi fikrimə görə isə peyvəndin seçilməsi üçün bəzi parametrlərə diqqət etmək lazımdır: onun təsirli olması, əks-təsirləri, tətbiq forması, müddəti, qiyməti kimi...
 
- Vaksinlərlə bağlı hətta inkişaf etmiş ölkələrdə belə əhalinin narahatlığı var. Bunu bir "oyun" adlandırırlar, vaksinasiya olunmayacaqlarını deyirlər. Bu mövzuda bizdə vəziyyət necədir? Vaksinə əhalinin inamını artırmaq üçün nələr edilməlidir?
- Peyvəndlərə qarşı belə münasibət bütün dünyada var. COVİD-19 elə bir qlobal bəladır ki, kimsə "mən peyvənd vurdurmuram” desə, heç kim bunu diqqətə almayacaq. Bu peyvəndi vurdurmayanlar təyyarəyə minə bilməyəcək, marketdə işləyə bilməyəcəklər. Bu şərtlərlə demək olar ki, hər kəs peyvənd vurduracaq.
- Vaksinlərin kütləvi tətbiqinə başlanılsa, dünya pamdemiyadan nə vaxt qurtula bilər?
- Peyvəndlərin tətbiqinə bütün dünyada eyni zamanda başlanılsa, yəqin ki, bir, ya da bir il yarım vaxt alacaq. Biz 2021-ci ili böyük ümidlərlə qarşılayacağıq. Ən yaxşı halda yeni ilin ortalarına doğru, optimal halda isə 2021-ci ilin axırlarına doğru nisbətən ara sakitləşər. Amma koronavirusla bağlı məhdudiyyətlər ictimaiyyətin bir çox sahələrində uzun illər hiss olunacaq. Misal olaraq, gələcəkdə təyyarə ilə səyahət etmək üçün şəxslərdən peyvəndlə bağlı pasport tələb oluna bilər. Bu kimi məhdudiyyətlərə hazır olmaq lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun