Belçikada yeni növ koronavirus daşıyıcısı olan bir şəxs dövlət mülkünə zərər verməyə çalışıb. Bundan sonra, ərazidəki polislər ona müdaxilə etmək istəyib, koronavirus daşıyıcısı olan şəxs polis əməkdaşlarına tüpürüb, 24 polis karantinə alınıb.
Belçika mətbuatında yer alan xəbərlərə görə, Aalst şəhərində bir nəfərin küçədəki ictimai əmlaka zərər verdiyi ilə bağlı məlumat daxil olduqdan sonra, polis qrupları hadisə yerinə gəlib.
Şəxsə maskasız müdaxilə edən polis əməkdaşları onun müqaviməti ilə üzləşiblər. Təhlükəsizlik qüvvələrinin tutmaq istədiyi şəxs onların üzünə tüpürüb. Polis bölməsinə aparılaraq Covid-19 testi olunan şəxsin virus daşıyıcısı olduğu üzə çıxıb.
Həbs olunan şəxs Brügge şəhərindəki həbsxananın tibb bölməsinə yerləşdirilib. 10 polis əməkdaşı yüksək risk, 14 polis əməkdaşı da aşağı risk daşıyan təmasda olduqları üçün minimum 7 gün karantinə götürülüblər.
Polisə tüpürən şəxsin bir çox cinayətlə əlaqədar axtarışda olduğu bildirilib.