Lahor Ali Məhkəməsi cinsi təcavüz qurbanları arasında aparılan bakirəlik testinin qanunsuz və konstitusiyaya zidd olduğuna qərar verib.
Artan cinsi təcavüz hadisələri Pakistanda geniş reaksiyalara səbəb olub.
Məhkəmə bu ekspertizalara heç bir tibbi ehtiyac olmadığını və zərər çəkmiş qadınların ləyaqətinə xələl gətirdiyini bildirib.
Lahor Ali Məhkəməsinin hakimi Ayesha A. Malik 30 səhifəlik qərarında bakirəlik testinin qadının ləyaqətinə xələl gətirməklə yanaşı, Pakistan konstitusiyasının şəxsi təhlükəsizliyə və ləyaqətə dair 9 və 14-cü maddələrinə zidd olduğunu da qeyd edib.
Məhkəmə qərarında bakirəlik testlərinin yalnız qurbanın cinsinə görə qadınlara tətbiq olunduğundan, konstitusiyanın bərabərliyi tənzimləyən 25-ci maddəsini pozduğunu da əsas kimi göstərib.
Hakim Pakistanın mərkəzi hökumətini və əyalət hökumətlərini təcavüz və cinsi təcavüz qurbanlarının tibbi müayinələri zamanı bakirəliyin yoxlanılmaması üçün addımlar atmağa çağırıb.
Təcavüzə qarşı kampaniyaların təsiri Pakistanda zorlama və cinsi təcavüzə qarşı aparılan kampaniyalar artıq siyasətdə və hüquqda qarşılığını alır.
Lahorda benzini bitdiyinə görə maşını saxlayan və iki uşağının gözü qarşısında bir neçə adam tərəfindən təcavüzə məruz qalan qadının başına gələnlər kütləvi etirazlara səbəb olub. Bundan sonra, Pakistan prezidenti Arif Alvi təcavüzdə ittiham olunan şəxslərin xədm edilməsi ilə bağlı qərar imzalayıb.
Fərmana təcavüz hadisələri ilə bağlı araşdırmaların ən geci dörd ay ərzində yekunlaşdırılması üçün xüsusi məhkəmələrin yaradılması, təcavüzə görə məhkum edilmiş şəxslərin milli məlumat bazasının yaradılması və qurbanların şəxsiyyətlərinin qorunması da daxildir.