Harvard Universitetinin bu günlərdə yaydığı hesabata görə, 2018 ilə ildə baş tutan hər 5 ölümdən 1-i yanacaq tullantılarının yaratdığı hava çirkliliyi səbəbindən olub. Araşdırmada 2018-ci ildə 8 milyondan çox insanın bu səbəbdən öldüyü qeyd olunub.
Hava çirkliliyinin insan orqaniziminə vurduğu zərərlərdən danışılan hesabatda bildirilib ki, ən çox ölüm insan sayının çox olduğu izdihamlı şərəhlərdə qeydə alınıb, nümunə kimi Şimali Amerika, Avropa və Cənub-Şərqi Asiya ölkələrinin şəhərləri göstərilib.
London Universitetinin akademiki, tədqiqatı aparanlardan biri Eloise Marais bildirib ki, sağlıqlı və daha təmiz alternativlərin olduğunu bildiyimiz halda hava çirkliliyinə səbəb olan tullantılar buraxan yanacaqlardan vicdan rahatlığı ilə istifadə edə bilmərik.
Azərbaycanda vəziyyət necədir?
Qlobal istiləşmə dünyanın ciddi probleminə çevrildiyi zamanda, Azərbaycanda da havaya xeyli miqdarda zəhərli tullantı buraxılır. Həkimlər çirkli hava şəraitinin bir çox xəstəliklərin yaranmasında xüsusi rol oynadığını bildirirlər. Onların arasında insan həyatı üçün təhlükə yaradan ürək-damar xəstəlikəri xüsusi yer tutur.
2018-ci ildə prezident İlham Əliyev "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”-nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Müəyyənləşən dövlət proqramında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələsi də öz əksini tapıb. Eyni zamanda, Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib.
Ancaq hələ də bu sahədə real işlərin başlaması ilə bağlı məlumatlar yoxdur.