4 Fevral 2021
Mətni dəyiş
Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdiyan yerli "Zerkola" qəzetinə müsahibə verib. O deyib ki, baş nazir Nikol Paşinyan və onun komandası ona görə getmir ki, onlar bir fövqəlvəzifəni hələ də yerinə yetirməyiblər.
Larisa Alaverdiyan qeyd edib ki, Azərbaycan və Türkiyə mətbuatının yazdıqlarına əsaslanaraq demək olar ki, Ermənistan rəhbərliyi ilə bu ölkələr arasında gizli bir sövdələşmə var. Sövdələşməyə görə Türkiyə erməni-türk sərhəddini qanuniləşdirəcək, Azərbaycan isə sülh haqda müqavilə imzalayıb əldə etdiyi torpaqları özündə saxlayacaq Qarabağın qalan hissəsinə isə mədəni muxtariyyət verəcək.
"İkinci hədəf Sünikdir. Azərbaycanın iştahında Zəngəzur var, bu sirr deyil. Yeri gəlmişkən Azərbaycanın Türkiyədən başqa bütün qonşularına ərazi iddiaları var" - deyə Alaverdiyan bildirib.
Azərbaycanda saxlanılan erməni əsirləri ilə bağlı suala cavab verən keçmiş obudsman bu məsələdə şəxsən Paşinyanı günahlandırıb, o deyib ki, əsirlər o qədər çoxdur ki, hələ də qaytarılıb qurtarmayıb. "Bu Paşinyanın günahıdır, Əliyev isə bunu bilir və üstünlük kimi ona qarşı istifadə edir. Azərbaycan prezidenti əsirlərin qarşılığında nə isətəyəcəyini təxmin etmək mümkündür. Bu bəlkə də ərazi, yaxud da hansısa razılaşma ola bilər. Biz ancaq aysberqin zirvəsini görürük. Bu həmçinin 9 noyabr bəyanatına və 11 yanvar razılaşmasına da aiddir" - deyə Alaverdiyan müsahibəsində deyib.