Gürcüstan baş naziri Georgi Qaxariya öz postundan istefa verib. Baş nazirin istefasından sonra hökümət də tam tərkibdə istefaya gedib. O, keçirdiyi qısa brifinqdə istefasını elan edib, ancaq jurnalistlərin suallarına cavab verməkdən imtina edib.
G.Qaxariya vəzifədən getməyinin səbəbindən danışarkən deyib ki, gürcü cəmiyyətindəki gərginliyi aradan qaldırmaq üçün istefa verir.
“Vəzifəmi tərk etmək barədə qərar qəbul etmişəm. Əlbəttə ki, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında polyarizasiyanın azalmasına kömək edəcək. Əminəm ki, bizim aramızda polyarizasiya və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir”, - hökumət başçısı deyib.
Bu günlərdə Tbilisi şəhər məhkəməsi ölkənin əsas müxalif partiyalarından olan "Vahid Milli Hərakat"ın rəhbəri Nika Meliyanın qiyabi həbsinə qərar verib. O, 2019-cu ilin 20 iyun aksiyası zamanı baş verən hadisələrə görə mühakimə olunurdu. Ancaq Meliya və onun tərəfdarları bu qərarla razılaşmayacaqlarını deyiblər.
Bütün müxalif partiyalar Meliyanın həbsinə qarşı çıxıb. Bundan başqa müxalifət yeni milli hərakat yaradacağını bəyan edib.
Baş nazir Qaxariya Nika Meliyanın həbsinin ölkədə siyasi gərginliyə səbəb olacağını bəyan edərək bu addımı qınayıb.
Qeyd edək ki, 45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından Gürcüstanın baş naziri idi.