Rusiyanın Baş Prokurorluğu müxalifət lideri Aleksey Navalnıya qarşı həbs cəzasının dayandırılması ilə bağlı bundan əvvəl alınan qərarın ləğv edilməsini dəstəkləyəcəklərini bildirib. Məhkəmə hökmünün dəyişdirilməsi ilə Navalnı üç il müddətinə azadlıqdan məhrum edilə bilər.
Rusiya Baş Prokurorluğunun rəsmisi jurnalistlərə bildirib ki, 2014-cü ildə Navalnın mənimsəmədə təqsirli bilindiyi cinayət işində həbs olmayan cəza növü seçilib, prokurorluq bu qərarın dəyişdirilməsini istəyir.
Hökm dəyişdirilsə, Navalnı üç ilə qədər həbs oluna bilər. Navalnı hazırda həmin şərti azadlıq qərarının şərtlərini pozmaqda ittiham olunaraq həbs edilib.
Navalnının həbs olunmasına dair məhkəmə mübahisələndirməsinə sabah Moskva məhkəməsində baxılacaq.
Xatırlatma
Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.
Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı.
Navalnı Rusiya prezidenti Vladimir Putinin ən ciddi rəqibi hesab olunur. Ölkədəki korrupsiyaya qarşı mübarizəsi ilə tanınan keçmiş vəkil Navalnı, Kremlin qarşısında etdiyi etiraz aksiyaları ilə də tanınır. Bir neçə dəfə həbs olunan Aleksey Navalnı 2012-2014-cü illər arasında həbsxanada olub. Avropa İnsan Hüquqları Məhkəməsi həbsi qanunsuz hesab edən qərar çıxarıb və Navalnının həbsini siyasi sifarişli həbs sayıb.
Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.
Aleksey Navalnı Rusiyaya qayıdan kimi hava limanında həbs edilib. Rusiya Federal Penitensiar Xidmətinin açıqlamasına görə, Aleksey Navalnı "Şeremetyevo" Hava Limanında axtarışda olduğuna görə saxlanılıb.
Açıqlamada qeyd olunub ki, o, vergi cinayəti ilə əlaqədar 29 dekabr 2020-ci il tarixindən axtarışda olub.
Daha sonra, polis bölməsində təşkil olunan məhkəmə prosesində hakim qarşısına çıxarılan Navalnı barəsində 30 sutkalıq həbs qərarı verilib.
Navalnı “İv Roşe” işi üzrə cəzasının dəyişdirilməsinə baxılana qədər həbsdə qalacaq.
Yanvarın 31-də Rusiyanın bəzi şəhərlərində Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnıya dəstək mitinqləri təşkil olunub. 17 yanvarda Almaniyadakı müalicəsindən sonra ölkəsinə dönən Navalnı Rusiyaya girdikdən sonra həbs olunub. Bundan sonra o, məhkəmə qərarı ilə 30 gün müddətinə həbs edilib. Navalnın tərəfdarları onun həbsinə ilk dəfə 23 yanvarda keçirilən kütləvi aksiya ilə etiraz ediblər.