Yanvarın 31-də Rusiyanın bəzi şəhərlərində Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnıya dəstək mitinqləri təşkil olunub. 17 yanvarda Almaniyadakı müalicəsindən sonra ölkəsinə dönən Navalnı Rusiyaya girdikdən sonra həbs olunub. Bundan sonra o, məhkəmə qərarı ilə 30 gün müddətinə həbs edilib. Navalnın tərəfdarları onun həbsinə ilk dəfə 23 yanvarda keçirilən kütləvi aksiya ilə etiraz ediblər.
31-də təşkil olunan kütləvi aksiyalar əvvəlcə insanlar yerli vaxtla saat 12 radələrində Sibirin İrkutsk, Krasnoyarsk, Barnaul və Novosibirsk kimi böyük şəhərlərində küçələrə çıxıblar. Daha sonra paytaxt Moskva olmaqla bir çox şəhərlərdə aksiyalar başlayıb.
Moskvanın mərkəzi küçələrində metrolar da daxil olmaqla ictimai nəqliyyatın bağlı olmasına, kafe və restoranların, parkların qapadılmasına, piyadaların hərəkətinin məhdudlaşdırılmasına, eyni zamanda saat 09:00-dan 23:00-a kimi yaxın ərazilərdə spirtli içki satışının qadağan olunmasına baxmayaraq insanlar küçələrə toplaşa bilib.
Həbslər başlayıb
Daha sonra, polislər sosial məsafəni qoruyun tələbi ilə insanlara yaxınlaşıb və sərt formada aksiya iştirakçılarına müdaxilə edib, ümumilikdə minlərlə insan həbs edilib. Saxlanılanlar arasında ilk olaraq Navalnın həyat yoldaşı Yuliya Navalnaya və Navalnın sözçüsü Kira Yarmış olub.
60 jurnalist saxlanılıb
Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov icazəsiz etiraz aksiyaları zamanı təxminən 60 jurnalistin saxlanıldığını bildirib.
Solovyov saat 15:30-a qədər 35 media təmsilçisinin, saat 19:00-a qədər isə 60 jurnalistin saxlanıldığını bildirib.
Mitinqçilərlə yanaşı polislərin də hüquqları var
Rusiya İnsan Hüquqları İdarəsinin rəhbəri Tatyana Moskalkova icazəsiz aksiyalarda hücumların və təxribatların baş verdiyini bildirərək, təkcə etirazçıları deyil, polisləri də müdafiə etməli olduğunu deyib: "İnsan haqlarından məsul bir məmur olaraq, mən təkcə icazəsiz nümayişlərdə iştirak edən nümayişçilərin deyil, eyni zamanda Rusiya Milli Qvardiyasının (Rosgvardiya) və vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının da hüquqlarını müdafiə etməliyəm", - deyə o, vurğulayıb. Beynəlxalq reaksiyalar
Aksiyalarla bağlı Amerikanın Rusiyadakı diplomatik missiyası Twitter-də Rusiya hökumətinin yeni etirazlardan öncə bir sıra fəalları həbs edərək Moskvanın mərkəzini qapatdığını yazıb. Diplomatlar bu xüsusda Rusiyanı insan hüquqları sahəsində beynəlxalq hüquqa riayət etməyə səsləyiblər.
ABŞ-ın dövlət katibi Entonu Blinken yazıb ki, "ABŞ iki həftə dalbadal Rusiya hökumətinin dinc etirazçılara və jurnalistlərə daim təzyiq göstərməsini qınayır".
Bu açıqlamalara Rusiyanın da cavabı gecikməyib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Amerikanın Moskvadakı səfirliyinin Rusiyadakı razılaşdırılmamış aksiyalar barədə bəyanatına cavab verərək ikili standartları xatırladıb: "Diplomatik peşə nümayəndələrinə xas olmayan tərzdə qeydinə qaldığınız "mitinqlər" "planlaşdırılmamış" deyil, qeyri-qanunidir. Belə hallarda ABŞ-da necə davrandıqlarından hər kəsin xəbəri var - atəş açıb öldürürlər. İkili standartlar və ikiüzlülük həyat kredonuzdur?" - cavabda qeyd olunub.