Avstriyada yerləşən SOS Uşaq Kəndləri yardım təşkilatı dövlətlərin peyvəndləşdirmə proqramına qaçqınları daxil etmədiyinə diqqət çəkib.
Təşkilatın verdiyi açıqlamaya görə, peyvəndləmə proqramı tətbiq edən 144 ölkədən üçdə biri qaçqınları bu proqrama daxil etmədiyini bildirib.
Təşkilat xüsusilə Kolumbiyada qaçqınların bütün proqramlardan açıq şəkildə kənar tutulduğunu bildirib, Venesueladan Kolumbiyaya sığınacaq üçün getmiş şəxslərin peyvəndlənməyəcəyini qeyd edib.
Koronavirus epidemiyasının təsirlərinin azaldılması üçün tətbiq olunan karantin rejimlərinin iqtisadiyyata çox böyük zərbə vurması səbəbi ilə müxtəlif ölkələrdə sığınacaq gözləyən qaçqınların vəziyyəti ağırlaşıb. Bir çox qaçqının aclıq içində yaşadığını bildirən yardım təşkilatı deyir ki, qaçqınlara peyvənd mövzusunda ikinci dərəcəli insan kimi baxmaq düzgün deyil.
Dünyadakı təqribən 80 milyon qaçqının 85 faizi orta və ya aşağı gəlirli ölkələrdə yaşayır. Təşkilat vəziyyətin bu ölkələr üçün ayrı bir çətinlik yaratdığına diqqət çəkib və bu ölkələrin hətta öz vətəndaşlarına belə kifayət qədər peyvənd təmin etməkdə çətinlik çəkdiklərini qeyd edib. Təşkilatın açıqlamasına görə, Beynəlxalq ictimaiyyətin borcudur ki, digər insanlar kimi sığınacaq axtaranların da peyvəndlənməsini təmin etsin.