Xədicə İsmayıl: "Prezident Administrasiyasının təşkil etdiyi istənilən proses saxtakarlıqla bitir"

Xədicə İsmayıl: "Prezident Administrasiyasının təşkil etdiyi istənilən proses saxtakarlıqla bitir"
26 Fevral 2021
Mətni dəyiş

Bu ilin yanvarın 12-də İlham Əliyev media sahəsi ilə bağlı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması üçün fərman imzalayıb. Fərmanda deyilir ki, Azərbaycan mediasının cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Bu günlərdə isə Medianin İnkişaf Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib ki, jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətin içərisində fəaliyyət göstərən insanlar var: "Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik".

Əhməd İsmayılovun açıqlamaları cəmiyyət tərəfindən birmənalı qəbul edilməyib. Jurnalistlər və media ekspertləri İsmayılovun ifadə etdiyi yeni ideyanın vəziyyəti yaxşı olmayan mətbuatın daha da məhdudlaşdırmağa hesablandığını deyirlər.

Jurnalist Xədicə İsmayıl məsələ ilə bağlı Abzas.net saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Xədicə xanım, sizcə vahid vəsiqə ehtiyacı nədən yaranıb?

- Bu birinci cəhd deyil, bundan əvvəl də belə bir cəhd olub. Bunu guya jurnalistikada reketliyin qarşısını almaq üçün edirlər, amma həmişə də məlum olur ki, bütün qara işlərlə də vəsiqə verdikləri adamlar məşğul olur. Bununla cəhd edirlər ki, jurnalistlərə nəzarət etsinlər. Bu həm də təzyiq vasitəsidir. Kimlərsə düşünsün ki, jurnalist vəsiqəsi verməzlər və müəyyən yazıları verməsinlər. Bu həm də senzura qoymağın təsir vasitəsidir. İndi bütün məlumatlar internetdə yayılır deyə, mətbuatı lisenziyalaşdırmaq kimi təzyiq vasitəsindən istifadə edə bilmirlər. Ona görə də ümumiyyətlə jurnalist işini lisenziyalaşdırmaq istəyirlər. Bu da absurd təkliflərdən biridir. Heç də mətbuatın inkişafına yönəlməyib. Əslində qalsa, imkan vermək lazımdır ki, jurnalistlər öz müstəqil peşə birliklərini yaratsınlar və kimlərsə qara işlərlə məşğul olursa, demokratik ənənəyə uyğun olaraq orda qınansınlar və ictimai qınağa məruz qalsınlar. Onlar məsələ barədə orada öz fikirlərini söyləsinlər. Lap jurnalist olmasın, məgər vətəndaş müraciət eliyib informasiya ala bilməz? Ala bilər. Məgər qanunlara görə vətəndaş istədiyi fikri yaza bilməz? Yaza bilər. Ona görə də bunlar hamısı absurd məsələlərdir. Sadəcə özləri üçün imtiyazlı təbəqə yaratmaq istəyirlər. Əvvəl imtiyazlı təbəqə mənzil payladıqları jurnalistlər idi, indi də vəsiqəli jurnalistlər olacaq. Düzü, mənim vəsiqə üçün müraciət etmək fikrim yoxdur, mən jurnalistika ilə hökumətin icazəsi olmadan məşqul olmaq istəyirəm.

- Xədicə xanım, siz dediyiniz birliklər kimi Mətbuat Şurası yaradılmışdı, ancaq sonradan bu təşkilat da müstəqil qurum kimi qəbul edilmədi. Sizcə hansı formada birliklər yaradıla bilər ki, həm qəbul olunsunlar, həm də effektiv olsun?

- Bəli, ilk ilindən artıq orada seçkilər saxtalaşdırıldı, üzvlük də saxtalaşdırıldı və yavaş-yavaş Mətbuat Şurası ideyası iflasa uğradı. Yaranan təşkilat müstəqil olmalıdır, mərkəzləşdirilmiş şəkildə olmamalıdır. Jurnalist peşə birlikləri ayrı-ayrı təşkilatlar yaratmalıdır, sonra o təşkilatlar birgə təşkilat komitəsi yaradıb müstəqil fəaliyyət göstərməlidirlər. Daha bu prosesi Prezident Administrasiyası təşkil etməməlidir. Prezident Administrasiyasının təşkil etdiyi istənilən proses saxtakarlıqla bitir.

- Biz pandemiya dövründə gördük ki, karantin qaydaları çərçivəsində jurnalistlərin də fəaliyyətini nəzarət altına almaq istədilər, ancaq müstəqil jurnalistlər buna məhəl qoymadan peşə fəaliyyətlərini həyata keçirdilər və o qaydalar jurnalistlər üçün təsirli olmadı. Sizcə, vəsiqə əldə etməyən jurnalistlər tətbiq oluna biləcək bu yeni qaydalara da məhəl qoymasalar nə baş verəcək? 

-  Yəqin ki, vahid jurnalist vəsiqəsi əldə etməyən jurnalistlər artıq kütləvi tədbirlərdə saxlanılmamaq özlərinin jurnalist vəsiqələrini göstərə bilməyəcəklər.  Amma əgər jurnalist həqiqətən jurnalistdirsə və onun auditoriyası kifayət qədər genişdirsə, hökumət məcbur olacaq ki, çəkinsin bu prosesdən.

- Xədicə xanım, vahid vəsiqə ideyası daxilə hesablanıbsa, hökumətin onsuz da daxildən narahatlığı görünmür, xaricə hesablanıbsa, beynəlxaq təşkilatlar istənilən jurnalistə təzyiqi pisləyəcəklər, baxmayacaqlar vahid jurnalist vəsiqəsi var və ya yoxdur. Bəs bu ideyada əsas məntiq nədir? 

- Təbii ki, jurnalist jurnalistdirsə, istənilən halda peşə fəaliyyəti ilə məşqul olmasına mane olacaqlarsa, onun səs-küyü eyni şəkildə qalxacaq. Amma sui-istifadə etmək istəyənlər bundan da imkan tapıb sui-istifadə etmək istəyəcəklər. Təzyiq üçün olmasa da kimisə imtiyazlı vəziyyətə salmaq üçündür.

- Bilirsiniz ki, KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamı ilə həbs edildi. KİVDF-nin əsasında, onun varisi kimi Medianın İnkişafı Agentliyi yaradıldı. Rəhbəri də Əhməd İsmayılovdur. Sizcə, bunun mediaya töhvəsi olacaq?

- Ümumiyyətlə mən düşünürəm ki, hökumətin mediaya yardımından faydalı bir şey gözləmək mümkün deyil. Atalar sözündə olduğu kimi, əzrayıl balamıza dəyməsin, gətirdiyi lazım deyil. Hökumət mediadan əlini çəksin, mane olmasın, media özü öz çulunu sudan çıxarar. Amma hökumət yüz üsulla medianın fəaliyyətinin qarşısını almağa çalışır, sonra da onlara dövlət yardımı təklif edir. Dövlət yardımının fəlsəfəsi korrupsiyadır. Onun başında kim durur dursun, o korrupsiya fəlsəfəsi ilə hərəkət edəcək. Ora Prezident Administrasiyasından kimi təyin edirlərsə, fərqi yoxdur. O işi müstəqil mətbuat yaratmaq üçün eləmirlər. Bu işi yaradırlar ki, yenə də medianı nəzarət altında saxlasınlar. Mediaya rüşvət versinlər. Bir işin fəlsəfəsində rüşvət varsa, orada kimin təyin olunmasının fərqi yoxdur.

- Xədicə xanım, biz gördük ki, bir neçə il əvvəl hökumət bir sıra müstəqil saytları blokladı. Ancaq saytlar müxtəlif platformalar üzərindən yüzminlərlə izləyicilərinə informasiya ötürə bilirlər. Bloklama hələ də davam edir. Sizcə bu saytların hələ də blokda qalmasının məntiqi səbəbi nədir? 

- Bacardıqları odur, amma ziyan vurmağına ziyan vurublar. İndi əgər bir saytın yüz min izləyicisi varsa, bəlkə o bloklama olmasaydı və saytlar o qədər səy göstərsəydilər, indi bir milyon izləyiciləri olardı. Ona görə də istənilən halda ziyan vurublar, inkişafının qarşısını alıblar. Tam olaraq 'məntiq yoxdur' demək olmaz. Amma daha məntiqli olardı ki, Meydan TV-dən daha oxunaqlı bir media qurumu yaratsın. Həmin media qurumunu yaratmırsa, onda istənilən halda adamlar gedib Meydan TV-dəki məlumatlara baxacaqlar. Ümumilikdə ziyan vurublar, siz deyə bilmərsiniz ziyan vurmayıblar. O qədər səy göstərib izləyici auditoriyalarını artırmışdılar, indi o çətinliklər yaradılmasaydı on dəfə artıq olardı izləyiciləri.

Həzi

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun