Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün final və 3-cü yer uğrunda görüşlərə start veriləcək.
"Magnus Carlsen Invitational" adlanan yarışın həlledici raundunda niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi üz-üzə gələcək. Giri yarımfinalda ABŞ-dan olan Uesli Sonu, Nepomnyaşi isə yarışın təşkilatçısı Maqnus Karlseni mübarizədən kənarlaşdırıb. 3-cü yer uğrunda görüşdə So ilə Karlsen üz-üzə gələcək.
İki gün davam edəcək qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, 2 görüşdən ibarət olacaq.
20 mart
"Magnus Carlsen Invitational"
İlk görüşlər
3-cü yer uğrunda görüş: Maqnus Karlsen (Norveç) - Uesli So (ABŞ)
Final
Yan Nepomnyaşi (Rusiya) - Aniş Giri (Niderland)
Qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov seçmə raundda "8-liy"ə düşə bilməyərək, mübarizəni dayandırıb. Əvəzində Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.