Bu günlərdə 15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar bir çox tədbirlər təşkil olundu. Ancaq Azərbaycanda xüsusən son dövrlər artan istehlaçı şikayətləri bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Bəs görəsən, Azərbaycanda istehlakçıların hüquqları qorunurmu?
Abzas-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda istehlaçıların hüquqları ilə qanun 1995-ci ildə qəbul olunub.
Ekspertin sözlərinə görə, bu qanun Birləşmiş Millətlər Təşkilatının (BMT) istehlakçıların hüquqlarına dair rəhbər prinsiplər əsasında hazırlanıb.
Eyyub Hüseynov qəbul olunan qanunun MDB məkanında bu sahədə qəbul olunan ilk qanun olduğunu deyir.
Onun sözlərinə görə, qanun qəbul olunduqdan sonra üzərində 7 dəfə dəyişiklik aparılıb və bu dəyişikliklərin hamısında istehlakçıların hüquqlarını məhdudlaşdıran maddələr qəbul olunub.
"'Azad İstehlakçılar Birliyi' olaraq biz bunun əleyhinəyik. Mən təəssüflə qeyd edirəm ki, Azərbaycan hökumətinin siyasəti birmənalı şəkildə biznesin inkişafına yönəlibdir. 2009-cu ildən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıldı və biz çox sevindik ki, bu sahədə ciddi irəliləyiş olacaq. Çox təəssüf ki, sonradan heç bir effekt vermədi".
Ekspert bildirir ki, sonradan həmin qurumun da adi dəyişdirildi və İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti oldu, yəni "istehlakçı hüquqları" sözü qurumun adından ümumiyyətlə götürüldü.
Birliyin sədri deyir ki, biznesin inkişaf etdirilməsi siyasəti ilə istehlakçı hüquqlarının qorunması siyasəti bir-biriniə ziddir. Onun sözlərinə görə, hökumət getdikcə əsas yükü biznesin inkişafına qoyur, istehlakçıların hüquqlarını düşünmür və biznes strukturları bundan sui-istifadə edir.
"Azərbaycanda biznes strukturları üçün son dərəcə rahat bir şərait yaradılıb. Yəni, biznes strukturlarına toxunmaq olmaz, yoxlamaq olmaz və s. Onlar da bu vəziyyətdən sui-istifadə edib istehlakçı hüquqlarını pozurlar. Şikayələrlə bağlı müraciət edəndə isə məhkəmələrə yönəldirlər. Azərbaycan məhkəmələri bizim dövlət partnyorumuzun və biznes strukturlarının arzu elədiyi yerdir. Azərbaycan məhkəmələri istehlakçı hüquqlarını qorumağa ya hazır deyillər, ya da biznes qurumlarının təsiri altındadırlar. Çoxsaylı şikayətlər məhkəmələrdə itir-batır və nəticə vermir", - deyə Eyyub Hüseynov bildirib.