Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. Bu gün keçirilən ikinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.
İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüşdə də ikinci oyun gününün üçüncü partiyası başa çatıb.
Qarşılaşma 35-ci gedişdə Məmmədyarovu qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.
"New In Chess" adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.
1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.
Çempionlar Turunun VI mərhələsi mayın 23-də start götürəcək.
Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub.