Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib.
“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.
Bunu açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.
O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.
Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.
Tahir Teymur oğlu Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.
1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub. 1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkib, ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib. Həmin il Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilib.
1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirib. 1963-cü ildə Tahir Salahov sülhü müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilib.
Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O, 1963-cü ildən 1974-cü ilə qədər M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb.
1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. SSRİ Ali Sovetinin deputatı olub. 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilib.
1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olub.
1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilib. 1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olub.
1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, 1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilib. 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olub.
1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilib.
1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib.
1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır.
1996-cı ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilib.
2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib. 2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın - "Beynəlxalq Adlar" nominasiyasının laureatı adına layiq görülüb.
Üç qızı, bir oğlu var.