Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.
Günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.
Günün qalan 2 oyunu A qrupunda olacaq. Açılış matçında Romada İtaliyaya 0:3 hesabı iləməğlub olan Türkiyə millisi qrupdakı ikinci görüşünü Bakıda keçirəcək. "Ay-ulduzlular" Bakı Olimpiya Stadionunda Uels yığması ilə üz-üzə gələcək. Britaniyalılar birinci turda bu arenada İsveçrə ilə heç-heçə edib - 1:1. Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. 1 xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.
A qrupunun digər matçında isə turnirin favoritlərindən İtaliya millisi İsveçrə yığmasını qəbul edəcək. Romadakı "Olimpiko" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Hazırda Roberto Mançinin başçılıq etdiyi kollektiv 3 xalla qrupun lideridir.
Avropa çempionatı
A qrupu, II tur
20:00. Türkiyə - Uels
Baş hakim: Artur Diaş (Portuqaliya)
Bakı, Bakı Olimpiya Stadionu
23:00. İtaliya - İsveçrə
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma, "Olimpiko" stadionu
Xal durumu: İtaliya - 3, İsveçrə - 1, Uels - 1, Türkiyə - 0
B qrupu
17:00. Finlandiya - Rusiya
Baş hakim: Denni Makkeli (Niderland)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu
Xal durumu: Belçika - 3, Finlandiya - 3, Danimarka - 0, Rusiya - 0