Gənc yazar Yusif Y-nın yaxın günlərdə hekayələr toplusu işıq üzü görüb. “Alatoran” yayınlarında çap olunan kitab iki hissədən ibarətdir. "Yaddaşın hekayəsi" kitabının birinci hissəsində avtobioqrafik hekayələr, ikinci hissəsində isə təxəyyül məhsulu olan hekayələr yer alıb.
"Abzas" həm yeni çapdan çıxan kitab, həm də gənc yazarın gələcək fəaliyyətilə bağlı müəllifdən müsahibə alıb.
- Yusif bəy, kitabınızın satışı sizi qane edir?
- Satışın ilkin mərhələsi mənim üçün qənatbəxş idi, tez bir zamanda yarısı satıldı. Ancaq bir məsələ var ki, kitabları birbaşa özüm satıram deyə, gəlir götürməkdən söhbət gedə bilməz. Mən mərkəzdən uzaq yaşadığım üçün yol və yemək xərcindən (saat 13:00-dan 20:00-a kimi satış edirəm) əlavə, ancaq cib xərci çıxır. İndi isə kitabların qalan hissəsinin satışı çox ləng gedir, demək olar ki, dayanıb. Oxucuları qınamaq istəməzdim, amma mənim kimi gənc yazarların kitabları, üstəlik ilk kitabları mütləq alınmalıdır. Heç kim dəqiq deyə bilməz ki, mən dünya səviyyəli yazıçı olmayacam. Fürsətdən istifadə edib oxuculara səslənirəm, kitablarımı alın, oxuyun. Qane olmasanız, ödədiyiniz pulun iki mislini qaytaracam. Bu, elə-belə məsələ deyil. Mən belə sövdələşməni bundan əvvəl Sumqayıt bazarında pendir satan dayıdan eşitmişəm. Ən azı o dayı qədər arxayınam məhsuluma. Düz sözümdür, 5 manat verin və "Yaddaşın hekayəsi" kitabını alın, bəyənməsəniz, 10 manat qazanın. Oxuculara demək istədiklərim bitdi, ümid edirəm ki, hər kəs məni düz başa düşdü.
- Oxucuların kitaba reaksiyası necədir?
- Kitabı oxuduqdan sonra bəyəndiyini deyən oxucular çoxluq təşkil edir. Bəyənməyənlər də var və yuxarıda dediklərim onlara aid deyil. Bəyənənlər deyir ki, kitab çox səmimi və sadə dildə yazılıb, ona görə zövq alıblar. Bəyənməyənlər də eyni səbəbdən bəyənməyiblər. Bəyənməyən oxucular da deyir ki, kitab çox sadə və səmimi dildə yazılıb. Gərək goplayardım və 50 sözlük cümlələr qurardım. Amma vallah mən özüm elə ədəbiyyatı oxumuram. Özümə rəva görmədiyimi də oxucuya təklif edə bilmərəm. Mənim üçün səmimi olmayan ədəbiyyat, ədəbiyyat deyil. Elə kitablar oxuyacağıma, açıb Ağ Partiyanın sədri Tural Abbaslının nitqinə qulaq asaram. Söz səmimi ədəbiyyatdan düşmüşkən, mən səmimi ədəbiyyatın bir neçə cəngavərinin adını çəkməyi özümə borc bilirəm. Cerom Selincer, Dumbadze və Seymur Baycan. Mən onları oxuduqdan sonra Orhan Pamuku oxuya bilmirəm. Ürəyim darıxıb, elə bilmişəm hansısa dövrün qədim yazılarını oxuyuram.
- Azərbaycanda kitab bazarı formalaşmayıb. Yazıçılar kitab bazarının olmamasından mütəmadi şəkildə şikayətlənirlər. Belə başa düşürəm ki, bu sahədə vəziyyət çox ağırdır. Bu çətin yolda yaradıcılığa davam etməyə gücünüz çatacaq?
- Kitabımın ön sözü bu suala cavab verir. Amma mən yenə də daha ətraflı yazacam. Satışlar getmir, oxucu yoxdur, pul yoxdur, bazar yoxdur. Ümumiyyətlə, heç nə yoxdur. Amma ədəbiyyat da bir yolla yaşamalıdır. Hansı yolu seçdiyimizin fərqindəyik. Nə zaman acından öləcəyik, o zaman da ədəbiyyatdan əl çəkəcəyik.
- Yusif bəy, bu sizin ilk kitabınızdır, kitabın əsas mövzusu nədir?
- Kitabı 2-3 həftə əvvəl çap etdirmişəm. İki hissədən ibarətdir. Birinci hissədəki avtobioqrafik hadisələrin iştirakçısı özüməm. Burada 7 hekayə var. İkinci hissədə isə 4 hekayə var və burada mənim müşahidələrim əsasında görmək istədiklərimin bədii əksidir. Birinci hissədəki hekayələr əsasən mənim yaşadığım ərazi ilə bağlıdır. Ərazinin adını qeyd etməmişəm, kitabda eləcə "qəsəbə" yazmışam. Bu qəsəbədə insanların həyat tərzindən, yaşayışından və baş verən hadisələrdən yazmışam. Kitabın adı da "Yaddaşın hekayəsi"dir və burada olan mövzuların əsas hissəsi mənim yaddaşımda qalanların əksidir.
- Mən sizin "Yaddaşın hekayəsi" hekayəsini oxumuşam. Ancaq orada açıq qalan suallar var idi. Məncə, oxucu bilmədi sizin musiqi məktəbindəki taleyiniz necə oldu. Yeni kitabda avtobiqorafik hissədə açıq qalan sualların cavabı varmı?
- Yeni kitabdakı hekayələrin bəziləri internetdə yayımlanıb, bəziləri yox. Yayımlanan məqalələri ardıcıl oxuyanda bir çox sualların cavabı var, amma ümumiləşdirilməyib deyə tam ortaya çıxmır. Hekayələr bir-biri ilə bağlıdır, ardıcıllıq da qorunub, ancaq yenə də ümumi mətn deyil, müxtəlif hekayələrdən ibarətdir.
- Kitabın ikinci hissəsi sizin təxəyyülünüzün məhsuludur. Burada hansı məsələlər var?
- İkinci hissəsinin ilk hekayəsi "Tut ağacı" hekayəsidir. Mən bunu yazanda Orhan Pamukun "Qara" kitab romanını oxuyurdum, orada yetkinlik çağlarında olan əsas obrazın sevgilisi ilə aralarında yaranan problemlər mənə təsir etmişdi. Mən bu hekayədə həmin romandakı əsas obrazın ətrafından gördüyü təzyiqlərin təsirini göstərməyə çalışdım. İkinci hissədəki daha bir hekayə azərbaycanlı və erməni cütlük arasında olan bir hekayədir. Birinci Qarabağ müharibəsindən bəhs edir. Burada əsas obraz anası azərbaycanlı, atası erməni olan uşaqdır. Üçüncü hekayəm hərbi xidmətlə bağlıdır ki, burada da səfərbərlik xidmətində baş verən bir dialoq əks olunub.
- Növbəti planlarınız nədir? Yeni kitablar, hekayələr olacaqmı?
- Mənim təhsilim də birbaşa fəaliyyətimlə əlaqəlidir. Azərbaycan Dillər Universitetinin magistrantıyam. Təhsilim də birbaşa ədəbiyyatla bağlı olduğuna görə, bundan sonra ədəbiyyatdan ayrılmaq mənim üçün çətindir. Hazırda da iki əsər üzərində işləyirəm. Bunlardan biri ideoloji-siyasi müstəvidə olacaq, digəri isə bu vaxta qədər yazdıqlarımın ümumi bir şərhi olacaq.
- Kitabın təqdimatı nə zaman olacaq?
- Kitabın təqdimatı hələlik nəzərdə tutulmayıb. Düzdür, Kulis.az təklif edib ki, təqdimat etsinlər. Ancaq pandemiya ilə əlaqədar bunun nə zaman olacağı dəqiq deyil.
- Kitabı hardan əldə etmək olur?
- Kitabın satışı ilə birbaşa özüm məşğulam. İndi də satış mümkündür. Həftənin 1-3-5-ci günləri oxuculara da uyğun olan bir məqamda kitabı təqdim edə bilərəm. Kitabın qiyməti 5 manatdır.