"Neftçi" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Flaqman Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək.
Təqribən 2 illik fasilədən sonra Azərbaycan klubunun avrokubok qarşılaşmasında azarkeşlər iştirak edəcəklər. "Neftçi"nin oyununa stadionun ümumi tutumunun 50 faizi qədər fanat buraxılacaq.
Komandalar arasında Tbilsidəki ilk qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mənada Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.
Bu, "Neftçi"nin Çempionlar Liqasında yubiley - 20-ci matçı olacaq. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran "Neftçi" qapısında 33 top görüb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan)
İlk oyun - 2:1
Hakimlər: Dumitri Muntean, Vlad Lifçu, Vadim Vikol, Qabriel Tupiçika (Moldova)
Bakı, "Bakcell Arena" stadionu
bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una rəqib olacaq.