Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun “BP Exploration (Shah Deniz) Limited” şirkətindən “SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi prosesi başa çatıb.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bu kəmər təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin 4 seqmentindən biridir.
Texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK sahibləri arasında sazişin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə “SOCAR Midstream Operations Limited” razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq ediblər.
SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, SOCAR-ın beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir. Kəmər Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biridir, Azərbaycanın qaz ixracını artırmaqla bərabər, qardaş Türkiyə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi, təchizatın şaxələndirilməsi və karbon oksidi tullantılarının azaldılmasına da xidmət edir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik”.
“SOCAR Midstream” şirkətinin icraçı direktoru Fuad Əhmədov demişdir: “Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu qəbul etməkdən qürur duyuruq. Eyni zamanda bu vəzifənin üzərimizə dərin məsuliyyət qoyduğunu da dərk edirik. Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədi ilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib: “Biz dəqiq və kompleks şəkildə həyata keçirilmiş keçid prosesinin ardınca ÇQBK-nin texniki operatorluğunun SOCAR-a uğurlu ötürülməsindən məmnunluq duyuruq. CQBK Cənubi Qaz Dəhliznin həlledici hissəsidir, bu kəmər vasitəsilə Xəzərin enerji resursları ilk dəfə Avropa bazarlarına nəql olunub və bu prosesin təhlükəsizlik, səmərəlilik və uzunmüddətli etibarlılıq çərçivəsində davam etməsi üçün əməkdaşlığımız vacibdir. SOCAR kəmərin kommersiya operatoru kimi öz zəngin təcrübəsini ortaya qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik və təcrübə ilə həyata keçirəcək. Şahdəniz və CQBK layihələrinin ən böyük hissədarı olaraq, biz üzərinə düşən yeni vəzifənin həyata keçirilməsində SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı davam etdirmək əzmindəyik və SOCAR-a böyük uğur arzulayırıq”.
CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün 2006-cı ilin sonlarında inşa edilib. Kəmər Səngəçal Terminalından başlayır, Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel eyni marşrutda davam edərək, Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi və Cənub Qaz Dəhlizinin açılması ilə bağlı olub. Layihəyə 2013-cü ildə start verilib və 2018-ci ilin iyun ayında istismara verildikdən sonra Türkiyəyə, 2020-ci ilin dekabr ayında isə Avropaya qaz nəql etməyə başlayıb. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (28,8%), TPAO (19%), AzSCP (10%), SGC Midstream (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%) və NİKO (10%) şirkətləridir.