20 Yanvar Azərbaycanda matəm günüdür. Hər il minlərlə adam 1990-cı il yanvarın 19-20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedir.
Mərasimdə rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri də iştirak edirlər. Muxalifət liderləri və digər siyasi qurumların təmsilciləri də Şəhidlər Xiyabanını ziyarət edirlər.
Ölkə məscidlərində "qara yanvar" qurbanlarının xatirəsi ilə bağlı tədbirlər keçirilir. Bu gün telekanalların efirində əyləncəli verilişlər yayımlanmır. Bakı metropolitenində matəm musiqisi çalınır, stansiyalarda və eskalatorlarda qırmızı qərənfillər qoyulub.
29 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.
Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və "Zərbə" adlanırdı. Əməliyyatda əsas rolu "ALFA" xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayırdı.
Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.