Demokratik Qüvvələrin Milli Şurası Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat verib.
AbzasMedia bəyanatı olduğu kimi təqdim edir:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (faktiki Rusiyanın) Qazaxıstana hərbi qüvvə yeritməsi ilə bağlı Milli Şuranın bəyanatı!
Məlum olduğu kimi, Qazaxıstanda xalq etirazları (sonradan dağıdıcı hallarla da müşaiyət olunmaqla) fonunda bu ölkənin prezidenti Qasım Comərd Tokayev Qazaxıstanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) muraciət edərək, hərbi qüvvə yardımı istəyib və əsasən Rusiya hərbçilərindən təşkil olunan hərbi kontingent yanvarın 6-dan etibarən Qazaxıstana yeridilib.
Milli Şura olaraq bildiririk ki, KTMT-in öz sənədlərində də bu hərbi ittifaqın müdafiə xarakterli olduğu və üzv dövlətlərdən hər hansı birinə yalnız həmin dövlət xarici hərbi müdaxiləyə məruz qalacağı təqdirdə hərbi yardım göndərə biləcəyi qeyd edilir. Qazaxıstana hər hansı hərbi müdaxilə olmayıb, ona görə də KTMT-in ora ordu göndərməsi hətta öz daxili nizamnamə qaydalarına əsasən də qanunsuzdur.
Qazaxıstan Respublikasının konstitusiyasına görə, dövlət başçısının hətta öz ordusundan belə xalqa qarşı istifadə etmək səlahiyyəti yoxdur. Bu baxımdan prezident Tokayevin başqa dövlətlərin ordusunu təkbaşına öz ölkəsinə çağırması səlahiyyət həddinin aşılmasıdır. Müvafiq dövlətlərarası saziş, parlamentin razılığı olmadan xarici ölkələrdən öz xalqına qarşı hərbi yardım almaq Qazaxıstanın özünün də suveren qanunvericiliyinə ziddir.
Bizi ən çox narahat edən odur ki, Azərbaycana dost-qardaş saydığımız Qazaxıstanın dövlət suverenliyi bu şəkildə məhdudlaşdırılır. Perspektivdə onun həm müstəqilliyi, həm də ərazi bütövlüyü üçün müəyyən təhlükələrin əlamətləri görünür. Bizi həm də o narahat edir ki, Rusiyanın liderlik etdiyi KTMT xalqları tərəfindən seçilməyən, dəstəklənməyən və dəyişdirilməsi istənilən, xalqlarından mandat almayan avtoritar liderlərin zor gücünə müdafiəsini öz üzərinə götürən bir quruma çevrilir. Hesab edirik ki, KTMT-ə üzv dövlətlər həm bir-birinin, həm də başqa dovlətlərin suveren hüquqlarına diqqətlə yanaşmalı, heç bir xalqın fundamental hüquqlarının pozulmasında vasitə olmamalıdırlar.
Bizi bütövlükdə Qazaxıstanda baş verənlər ciddi şəkildə narahat edir. Təbii ki, Qazaxıstanda kütləvi etirazların, sonradan artıq zor müstəvisinə keçmiş qarşıdurmanın yaranmasına əsas səbəb ölkədə sosial problemlərin kəskinləşməsi və uzun illər ərzində hüquq və azadlıqlarının məhdudlaşdırılması olub. Hesab edirik ki, dost və qardaş qazax xalqı, Qazaxıstan hökuməti nə qədər çətin olsa da, qarşılıqlı dialoq, bir-birini eşitmək yolu ilə ölkədə fundamental hüquqları, xüsusən də sərbəst toplaşmaq azadlığını, çoxpartiyalı sistemi, qanunun aliliyini, azad mətbuatı real surətdə təmin etməklə daxili problemlərini özləri həll etmək iqtidarında olmalıdırlar. Biz Qazaxıstanda xalqla hakimiyyət arasında hazırda yaşanan gərginliyə kənar müdaxilələri zərərli hesab edirik. Hesab edirik ki, yaranmış situasiyadan heç bir xarici qüvvə, indiki halda KTMT Qazaxıstanın daxili işlərinə qarışmaq, oraya ordu yeritmək üçün istifadə etmək fikrinə düşməməlidir. Hesab edirik ki, ən qısa müddətdə kənar ordular Qazaxıstanı tərk etməlidir, Qazaxıstan öz problemlərini öz daxilində həll etməyi bacarmalıdır.
Milli Şura olaraq prezident Tokayevin terrorçu adlandırdığı etirazçılara xəbərdar etmədən atəş açmaq əmri verməsini qeyri-proporsional güc tətbiqi hesab edərək, qınayırıq.
Qazaxıstan hakimiyyətini və etirazçıları qarşılıqlı şəkildə zorakılıqdan, qan tökülməsindən imtinaya çağırırıq. Hesab edirik ki, ölkədaxili qarşıdurmanı dayandırmanın yolu qarşılıqlı kompromisdən, dialoqdan və qazax xalqının fundamental hüquq və azadlıqlarına hörmət olunmasından keçir.