Təhsil Nazirliyi ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntülərə reaksiya verib.
Təhsil Nazirliyi baş verən hadisə ilə bağlı bildirir ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib.
Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.
*****
"İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır".
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.
Həmin şəxs ailəlidir, 2 övladı var.
Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir.
Bu günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olub ki, Azərbaycanda bağçalarından birində tərbiyəçi vəzifəsini icra edən şəxs azyaşlı uşağa qarşı fiziki zorakılıq edir.