Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.
Baş Prokurorluq da sərhəddə baş verən hadisələrlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı cinayət işi açılıb.Qeyd edilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.