"Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb"
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil.
"Sadəcə, sərnişinlərin sayı çoxdur", - o deyib.
Bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, sentyabrın sonunda Sumqayıt-Pirşağı-Bakı istiqamətində qatarların sayı artırılıb. Qarşılığında Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı ləğv edilib.
Cavid Qurbanov həmçinin bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb.
"Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar" - nazir müavini əlavə edib.
Bir müddət əvvəl sərnişindaşıma sahəsində işləyən bütün şirkətlər gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına birgə müraciət göndəriblər.
Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini qeyd ediblər. Onlar bu faiz rüsumunun azaldılmasını da Tarif Şurasından istəyiblər.
Tarif Şurası sonuncu dəfə 2018-ci ildə ictimai nəqliyyatda qiymətləri qaldırıb.