Avropa İttifaqının missiyası Ermənistan ərazisində yerləşdiriləcək
Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutub. Görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilib. Görüşdən sonra, danışıqların nəticəsi olaraq bəyanat səsləndirilib. Bəyanata görə, iki tərəf bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Bundan başqa, oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərəcək, missiya bu ay faəliyyətə başlayacaq və maksimum 2 ay müddətində davam edəcək.
Bəs görəsən, siyasi şərhçilər bəyanatla bağlı nə düşünürlər?
Millət vəkili Aydın Hüseynov deyir ki, görüş Azərbaycanın maraqlarına uyğun formada keçirilib: “Razılaşmaya əsasən hər hansısa bir missiya fəaliyyətə başlasa belə, o Ermənistan ərzisində olacaq. Azərbaycanla ancaq hansısa əməkdaşlıqdan söhbət gedə bilər, o da bizim maraqlarımıza uyğun olaraq baş tutacaq. Hələlik isə bütün qeyd olunan proseslər Ermənistan ərazisində olacaq”.
Millət vəkili deyir, güman etmir ki, real danışıqlar Rusiyanın narahatlığına səbəb olsun. Onun sözlərinə görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın KTMT-yə müraciətlərinin nəticə verməməsi Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqədardır:
“Digər tərəfdən kommnukasiyalar açıldıqdan sonra Zəngəzur dəhlizi də açılacaq ki, bu da Rusiyanın maraqlarına xidmət edir. Ona görə də düşünmürəm ki, bu, Rusiya üçün problem olsun. Eyni zamanda, Rusiya sülhməramlılarının Qarabağa gəlişi müddətli idi və ancaq tərəflərin hər ikisinin razılığı əsasında müddət uzana bilərdi. Əgər sülh müqaviləsi olacaqsa, düşünürəm ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasına elə də böyük ehtiyac qalmayacaq” – deyə Aydın Hüseynov əlavə edib.
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, dünənki nəticə uğurlu olub və irəliyə doğru atılan addım kimi dəyərləndirmək olar.
Onun sözlərinə görə, Avropa İttifaqının missiyası Ermənistan ərazisində yerləşdiriləcək və bu iki ay müddətində olacaq. İki ay ərzində həm delimitasiya olmalıdır, həm sülh sazişi yekunlaşmalıdır.
“Ermənistan parlamenti 1989-cu ildə Qarabağla bağlı sənəd qəbul etmişdi ki, Qarabağ Ermənistanın tərkib hissəsidir. 1990-cı ilin yanvarında isə SSRİ-nin parlamenti bu qərarı ləğv etdi. O zamanlar hüquqi baxımdan SSRİ parlamenti Ermənistan parlamentindən üstün idi. Alma- Ata bəyannaməsi isə sonradan imzalandı və ölkələr bir-birlərinin ərazi bütövlüyünü tanıdılar” – deyə o əlavə edib.
Məmmədyarov bildirib ki, çox güman məsələ Rusiya ilə də danışılacaq:
“Rusiya da dəfələrlə çağırış edib ki, sülh müqaviləsi bağlansın. Düşünürəm ki, bu prosesə dəstək verəcəklər. Çox güman bu gün və sabah Rusiyada baş tutan görüşlər çərçivəsində Rusiyanın da mövqeyi öyrəniləcək” – deyə keçmiş XİN rəhbəri əlavə edib.
Siyasi şərhçi Zərdüşt Əlizadə bildirir ki, əgər hansısa kənar manelər olmasa, bu görüşü hansısa müsbət hadisənin başlanğıcı saymaq olar.
Onun sözlərinə görə, indiyə qədər sülh prosesini genişləndirmək lazım idi:
“Prezident belə bir yol tutub ki, hərdən vurur, hərdən də oturub danışır. Erməniləri də dilə tutmaq çətindir. Çünki onlar çox şeyə inanmışdılar. İnanmışdılar ki, Rusiya onları heç vaxt satmayacaq, Azərbaycan heç vaxt döyüşə bilməyəcək və s. İndi acı gerçəklik onlara deyir ki, gərək bu xəyallardan əl çəkəsiniz. Ümumilikdə isə Ermənistanla Türkiyənin münasibətləri normallaşsa, mən əminəm ki, Azərbaycanla da bu münasibətlər daha sürətli normallaşacaq” – deyə ekspert bildirib.
Rusiya amilindən də danışan Zərdüşt Əlizadə deyir ki, o, Rusiyanın bu prosesdən kənar qaldığını düşünmür.
“Rusiya mütəxəssisləri müxtəlif komissiyalarda var. Ola bilər ki, Rusiya ilə Qərbin bu məsələdə maraqları üst-üstə düşür. İndi belə bir münasibət Rusiyaya xüsusilə lazımdır, çünki beynəlxalq aləmdən təcrid olunub. Heç olmasa hansısa bir məsələdə razılaşma olarsa, bu Rusiya üçün müsbət sayılar” – deyə Zərdüşt Əlizadə bildirib.