Onlar "Vətənə xidmətə görə", “Hərbi xidmətlərə görə” , “Qüsursuz xidmətə görə”,“Vətən uğrunda” orden və medallardan məhrum ediliblər
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevdən general-mayor rütbəsilə yanaşı, bir sıra orden və medalları da geri alınıb.
Meydan TV-nin məlumatına görə, bu, sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində onun haqqında çıxarılan hökmdə qeyd olunub.
Məhkəmə Mövlam Şıxəliyevə prezidentin sərəncamlarıyla verilən “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarından onun məhrum edilməsi məsələsinə baxmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərəcək.
Bundan başqa, müxtəlif illərdə verilmiş “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” medalı və başqa təltiflərin də M.Şıxəliyevdən alınmasına qərar verilib.
Həmçinin MTN-də Mövlam Şıxəliyevin tabeliyində işləmiş, məhkəmədə onunla birlikdə mühakimə olunan Yasin Məmmədov və Sahib Ələkbərova münasibətdə də eyni qərarı verib. Polkovnik-leytenant rütbəsi alınan Yasin Məmmədov eyni zamanda, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” və s. orden və metallardan da məhrum edilib.
MTN-in İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində işləmiş Sahib Ələkbərov da polkovnik-leytenant rütbəsini, “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə” medallarını itirib.
Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.