"Şagirdlərin davranışlarına nəzarət etmək üçün məktəblərdə kifayət qədər ştat vahidi olsa da, yayılan videoda baş verən hadisəyə müdaxilə etməli olan heç bir məsul şəxs görünmür"
Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşını döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, şagirdlərdən biri digərini yumruq və təpik zərbələri ilə döyüb. Ətrafdakı şagirdlərdən biri isə bunu mobil telefonun kamerası ilə lentə alıb.
Hadisənin Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.
Baş verən hadisə ilə bağlı əlaqə saxlamağa çalışdığımız 112 saylı məktəbdən zənglərimizə cavab verən olmasa da, mətbuatda yayımlanan rəsmi açıqlamalarında şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülərin 30 sentyabr tarixində tənəffüs zamanı baş verdiyi bildirilib.
Məktəbdən qeyd edilib ki, şagirdlər arasında əvvəllər heç bir mübahisə olmayıb. Əlavə edilib ki, məktəb rəhbərliyi şagirdlərdən və onların valideynlərindən izahat alıb, psixoloqlar məktəblilərlə söhbət aparıb.
Məktəb rəhbərliyinin hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi bildirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AbzasMedia-ya bildirilib ki, məktəbdə baş vermiş hadisə araşdırılır. Məlumat verilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla söhbət aparıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov əlavə edib ki, şagirdlərin bu tip davranışları ilə məktəb rəhbərliyi, müəllimlər və məktəb psixoloqu məşğul olmalıdır.
“Şagirdlərlə psixoloji işin aparılması məktəb psixoloqları qarşısında duran əsas vəzifədir. Bu istiqamətdə fəaliyyətin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir” – B.Məmmədov deyib.
Təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, şagirdlərin bu tip davranışlarına nəzarət etmək üçün məktəblərdə kifayət qədər ştat vahidi var. Amma yayılan videoda baş verən hadisəyə müdaxilə etməli olan heç bir məsul şəxs görünmür:
“Məktəblərdə tərbiyə işi əvvəlki dövrlərdəki səviyyədə deyil. Tərbiyə işi deqredasiyaya uğrayıb. Məktəblər o qədər təlim-təhsilə, statistik məlumatlara aludə olublar ki, tərbiyə işi arxa plana keçib. Həmçinin nə qədər ki, məktəblərdə valideyn-müəllim əməkdaşlığının optimal yolu tapılmayacaq, məktəblərdə bu cür halların baş verməsi qaçılmaz olacaq. Bütün aparıcı dünya ölkələrində valideynlərin məsuliyyəti barədə qanunvericilikdə maddələr var. Azərbaycanda isə təhsillə bağlı bütün qanunvericilik aktları baş verə biləcək mənfi hallarla əlaqəli yalnız müəllimi məsul tutur. Amma uşağın bu cür aqressiv davranışında valideyn də məsuliyyət daşımalıdır” – Nadir İsrafilov deyib.
Ekspert əlavə edib ki, bu tip məsələlər yalnız məktəbin deyil, bütün cəmiyyətin problemidir.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, məktəbin 9-cu sinif şagirdlərindən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Əlavə edilib ki, hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. “Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”- qurumdan bildirilib.