“Mən istəyərdim ki, təhsil, mədəniyyət, səhiyyə sahəsində son bir neçə ildə ixtisar edilmiş işçilər yenidən işlərinə bərpa edilsinlər”
Bir neçə gündür Milli Məclisdə 2023-cü ilin büdcə layihəsi müzakirə edilir. İlk oxunuşda səsvermədən keçən layihə Azərbaycanın ən böyük büdcə layihəsi kimi təqdim edilir.
2023-cü ilin büdcəsində gəlirlərin 31 milyard manata yaxın, xərclərin isə 33.3 milyard olacağı təxmin edilir.
Bəs görəsən, dövlət bu il hansı 3 əsas istiqamətə ayrılan vəsaiti artırmalıdır?
Parlamentin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas AbzasMedia-ya deyir ki, o, təhsil, mədəniyyət və tibb sahəsinə daha çox vəsaitin ayrılmasını istəyir:
“Ancaq o pulu hardan kəsib artırsınlar, o bir az çətin məsələdir. Mən adətən belə yerdə hökumətdə nöqsan axtarmıram ki, niyə az pul ayrımısınız. Ona görə ki, dövlət də bir adamdır, cibinin pulunu hesablayır ki, cibində min manat pul var və bunu necə xərcləyə bilər ki, ayın axırına çatsın. Onu da mütəxəssislər axtarıb, tapıblar harda nəyi, necə xərcləmək lazımdır. Təhsilə və tibbə maliyyəni artırmaq çox yaxşı olar. İndi müzakirələr gedir, yəqin ki, fikrimi deyəcəm”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov deyir ki, istəklərinin içində dövlətin müdafiə qabiliyyətini artırmaq ön planda durur:
“Düzdür, xeyli addımlar atılır, ancaq dünyada gedən proseslərə, müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistanın öhdəliklərini yerinə yetirib Xənkəndi və ətrafındakı silahlı qüvvələrini çıxartmamasına, sülh sazişindən boyun qaçırmasına və İran İslam Respublikasının Ermənistanın tərəfini saxlayaraq Azərbaycana qarşı qərəzli münasibət göstərməsinə, Fransa prezidentinin və Fransa senatının ermənipərəst mövqe tutmasına baxsaq, mən deyərdim ki, ordu quruculuğu məsələsində daha müasir tələblərə cavab verən addımlar atılmalıdır”.
Aqil Məmmədov deyir ki, ikinci vacib məsələ, işğaldan azad olunmuş torpaqlarda məskunlaşmanı daha sürətli aparmaqdır:
“Üçüncü məsələ isə vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasıdır. Bu da bu ilki büdcədə nəzərdə tutulub” – deyə o, əlavə edib.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə deyir ki, ilk növbədə sosialyönümlü xərclərin artırılmasını istəyir:
“Azərbaycan dövləti sosialyönümlü dövlətdir. Hər dəfə sosial xərclər artırılır, bu dəfə yenə artırılıb. İkincisi, hesab edirəm ki, kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırmaq lazımdır. Kənd təsərrüfatının inkişafı, istehsalın artması əhalinin sosial rifahına çox ciddi təsir edən amildir. Azərbaycanda əhalinin böyük bir hissəsi kəndlərdə yaşayır və kənd təsərrüfatının yüksək inkişafı şəhərdən kəndə qayıdış mənasına gəlib çıxır”.
Millət vəkili deyir ki, hərbi xərclərin artırılması ilə bağlı məsələlər də vacibdir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyir ki, o əsasən müdafiə xərclərinin artırılmasını istəyir:
“Mən müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını istəyərdim. Digər tərəfdən, güneyli gənc soydaşlarımıza vəsait ayrılmalıdır ki, onlar Azərbaycana gəlib təhsil ala bilsinlər, təhsillərini davam etdirə bilsinlər. Bundan başqa isə aztəminatlı ailələrin sosial müdafiəsi xərcləri vacibdir. İmkan daxilində bu istiqamətdə ayrılan vəsaitin miqdarı artırılmalıdır”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyir ki, ən prioritet sahələr- sosial, müdafiə sahələri və Qarabağda yenidənqurmadır:
“Digər tərəfdən, mən istəyərdim ki, təhsil, mədəniyyət, səhiyyə sahəsində son bir neçə ildə ixtisar edilmiş işçilər yenidən işlərinə bərpa edilsinlər. Xüsusən, xadimə, gözətçi kimi texniki işdə işləyən şəxslər... Bu da bizim məşğulluğu təmin etmiş olardı” – deyə millət vəkili Aydın Hüseynov bildirib.