Müxalifətçilər YAP-ın 30 ildə hansı işlərlə yadda qaldığını sadalayırlar
Yeni Azərbaycan Partiyası yaranmasının 30 illiyini qeyd edir. Partiyanın rəsmi səhifəsində qeyd olunub ki, hazırda YAP-ın 773 min 770 üzvü var.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, partiyanın 2021-ci il üzrə gəlirləri 13 milyon 156 min manat, xərcləri isə 10 milyon 649 manat olub. Rəsmi məlumatları nəzərə alsaq, YAP ölkənin ən böyük siyasi partiyası hesab olunur.
Bəs hakim partiya bu 30 ildə nə ilə yadda qalıb?
Müsavat Partiyasının sabiq başqanı, Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyir ki, YAP-ın formal olaraq üzvü çox ola bilər, çünki bütün büdcə qurumlarında çalışanları ucdantutma YAP-a yazdırıblar.
Onun sözlərinə görə, üzv kimi yazdırılanların əksəriyyəti işdən çıxarılmamaq üçün, bir qismi isə karyera ümidi ilə razılaşıblar:
“1991-ci ilin 14 sentyabrında Azərbaycan Kommunist Partiyası o zamankı rəhbərliyin qərarı ilə buraxılanda həmin partiyanın 400 minə qədər üzvü var idi. Onlardan biri soruşmadı ki, partiyamızı niyə ləğv edirsiniz. Zamanı gələndə indikilər də soruşmayacaq. Çünki onların əksəriyyəti siyasətə laqeyd, önəmli hissəsi isə əslində ölkəmizdəki vəziyyətdən narazı, hətta daxilən müxalifət əhval-ruhiyyəli insanlardır” – deyə İsa Qəmbər bildirib.
İ. Qəmbər deyir ki, əvvəllər YAP rəhbərliyi az da olsa iqtidarın apardığı siyasətə təsir etməyə çalışırdı. Son 15-20 ildə bu partiya iqtidarın bütün tapşırıqlarını qeydsiz-şərtsiz yerinə yetirən qurumdur.
Onun sözlərinə görə, bu partiya heç bir müstəqil qərar qəbul etmir.
“Parlamentdə əksəriyyət YAP üzvü olsa da, onların heç biri namizəd kimi partiya tərəfindən müəyyənləşdirilmir, hamısını Prezident Administrasiyası təyin edir” – deyə İsa Qəmbər bildirib.
Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, partiyanın böyüklüyü onun üzvlərinin sayı ilə deyil, cəmiyyətdəki nüfuzu, ictimai fikirdəki yeri ilə müəyyən edilir.
Onun sözlərinə görə, təəssüf ki, YAP-ın cəmiyyətdə sayına uyğun nüfuzu yoxdur, ictimai fikirdə müsbət obrazı yoxdur.
Tarixçi alim deyir ki, ölkənin korrupsiya və rüşvətə bulaşmasında YAP-ın xüsusi rolu var:
“YAP ailə idarəçiliyi sistemində qurulmuş partiyadır. Onun ilk sədri vəfat edəndən sonra partiyanın sədrliyi oğula keçdi. Hələ üstəlik partiya sədri İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva da sədrin birinci müavini oldu. "Koroğlunun dəlilərinin" sayından 99 dəfə çox olan bu partiyada bircə "dəli" tapılmadı ki, buna etiraz etsin. Çünki YAP sağlam prinsiplər üzərində deyil, kölə itaətçiliyi üzərində qurulub. Siz dünyada elə bir örnək tapa bilməzsiniz ki, hər hansı siyasi partiyada ər sədr, xanım da birinci müavin olsun.
Diqqət edin, İlham Əliyevin idarəçiliyi dövründə rüşvət və korrupsiya üstündə həbs edilən nazirlərin, icra başçılarının, orta təbəqə məmurlarının istisnasız olaraq hamısı YAP-ın, bəziləri isə partiyanın Siyasi Şurasının üzvü olub. Rayonlarda icra başçıları ilə yanaşı YAP-ın rayon təşkilatlarının sədrləri də tutulub. Əgər o biri rayon başçıları, digər nazirlər, komitə sədrləri tutulmayıbsa, bu o demək deyil ki, onlar tutulanlardan fərqlidirlər. Sadəcə olaraq ölkədə bütün koorupsionerləri deyil, barmaqla göstərilən koorupsionerləri həbs edirlər. Yəni bu illər ərzində YAP-ın başlıca işi ölkə üçün "Alimpaşalar" (oxu- Şəmkirin həbs edilən keçmiş icra başçısı Alimpaşa Məmmədov) hazırlamaq olub. Əgər hər hansı bir partiyada bu qədər rüşvətxor, bu qədər koorupsioner həbs edilsəydi, onun yeganə yolu yubiley keçirmək yox, özünü buraxmaq idi".
Cəmil Həsənli bildirir ki, YAP-ın idarə edilməsində ölkə qanunlarına əməl edilmir:
"Mövcud qanunlara görə prezident hər hansı partiyanın üzvü ola bilməz. Halbuki, prezident nəinki partiyanın üzvüdür, eyni zamanda sədridir, hələ birinci vitse-prezident də onun birinci müavinidir. Mövcud qanunlara görə elm və təhsil müəssisələrində siyasi partiyaların özəkləri fəaliyyət göstərə bilməz. Amma faktiki olaraq ölkənin bütün ali və orta ixtisas məktəblərində, hətta orta məktəblərində YAP-ın özəkləri fəaliyyət göstərir. Akademiyanın prezidenti İsa Həbibbəyli deyir ki, 2013-cü ilə qədər Akademiyada YAP-ın 9 özəyi vardı, hazırda bütün strukturlarda partiyanın özəkləri fəaliyyət göstərir və akademiklər, müxbir üzvlər Milli Akademiyada YAP fəalları funksiyasını yerinə yetirirlər. Hətta ötən həftə Zoologiya İnstitutunda YAP-ın yaranmasının 30 illiyi qeyd edilib və institutun Parazitologiya laboratoriyasının müdiri YAP-ın məzmunu və mahiyyəti haqqında geniş məruzə edib".
Cəmil Həsənli əlavə edir ki, İlham Əliyevin YAP-a sədrliyi dövründə onun və birinci müavinin adı korrupsiya faktlarında çəkilib. O, buna örnək kimi Wikileaks, Dubay mülkləri, Panama Sənədləri, Kürü Diplomatiyası, Azərbaycan laundromatı, London mülkləri və sair jurnalist araşdırmalarını göstərir:
"Axı bunlar hamısı YAP-ın sədri və sədrin birinci müavinə ilə bağlı korrupsiya, oğurluq və rüşvət faktlarıdır. Necə olur 2 il ərzində ölkədən müdafiə xərcləri də daxil olmaqla yalnız bir istiqamət üzrə 3 milyard dollar vəsait gizli yolla çıxarılır, ailə qarışıq YAP-ın üzvü olan Əliyevlərin Londonda 740 milyon funt sterlinq dəyərində mülkləri aşkarlanır, amma bundan YAP-ın Siyasi Şurasının, partiya aparatının xəbəri olmur?! "Rabitə işi" açılanda məlum oldu ki, nazirliyin korrupsiya kassasını idarə edən YAP-ın Nəzarət-Təftiş Komissiyasının sədridir. YAP-ın 30 illik tarixinin xronologiya bax bundan ibarətdir. YAP-ın məzmunu da, mahiyyəti də, daşı da, divarı da, ideologiyası da rüşvət və korrupsiya üzərində qurulub. 30 ilin ən dəhşətli yekunu bundan ibarətdir” – deyə Cəmil Həsənli bildirib.
Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu deyir ki, partiya üzvlərinin sayını bir milyon da elan edə bilər. Çünki Yeni Azərbaycan Partiyası “Siyasi Partiyalar Haqqında” qanuna zidd olaraq həm universitetlərdə, həm də digər elmi-tədris müəssisələrində özəklərini yaradıb və orada işləyənləri məcburi olaraq siyahıya alır:
“Sadəcə olaraq, YAP-ın faktiki üzvlərinin sayı bundan dəfələrlə azdır. Başqa cür də ola bilməz. Çünki bu boyda Böyük Britaniyada Mühafizəkarlar Partiyasının üzvlərinin sayı 250 min nəfəri ötməyib, balaca Azərbaycanda YAP-ın 770 min üzvünün olması Koroğlunun 777 min "dəlisinin" olmasına bənzəyir. Yəni, o da bir rəvayət idi, bu da bir rəvayətdir. YAP-la bağlı ən çox təkrarlanan söz rəhmətlik Sirus Təbrizlinin "simasız quldurlar" sözüdür. Yəni, bu söz YAP-ın fəaliyyətindən daha çox önə çıxdı. Çünki YAP-ın fəaliyyətində biz həmişə yalanların trajlanmasını, saxtakarlığa don geyindirilməsini, seçkilərin saxtalaşdırılması üçün üzvlərinin səfərbərliyini gördük. Açığı deyim ki, YAP-ın siyasi partiya olaraq əməli fəaliyyətini görmədim. Azərbaycanın siyasi inkişafına töhfəsini görmədim” – deyə Qubad İbadoğlu bildirib.
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılıb. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi partiyanı rəsmi qeydiyyata alıb.