Naxçıvanda baş verən həbslər və idarələrin ləğv olunması nəyisə dəyişəcək?
Bu günlərdə Naxçıvanın maliyyə naziri və Gömrük Komitəsinin şöbə rəisi "külli miqdarda mənimsəmə"də ittiham olunaraq həbs edilib. Bundan sonra Naxçıvanın Dövlət Təhlükəsizliyi Xidməti və Gömrük Komitəsi ləğv olunub, əvəzində isə Bakıdakı bu qurumların ərazi üzrə baş idarələri yaradılıb.
Bəs görəsən, yeni həbslər və qərarlar Naxçıvanda nəyisə dəyişəcək?
Naxçıvan qapalı və təcrid olunmuş muxtar respublikadır. Uzun illər Naxçıvanda jurnalist kimi fəaliyyət göstərmiş, hazırda mühacirətdə olan İlqar Nəsibov deyir ki, baş verən həbslər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova təzyiq etmək üçündür:
“Vasif Talıbov Heydər Əliyevin ən sadiq adamlarından biri olub və Naxçıvan ona tapşırılıb. İlham Əliyev də atasının adamına həmişə sayğılı olub. Amma son zamanlar Talıbova qarşı təzyiqlər qanunsuz hərəkətlər və ya yeyintilərlə bağlı deyil. Çünki Naxçıvanı yoxlatdıran "mərkəzlə" Talıbovun idarəçiliyində elə də ciddi fərqlər yoxdur. Ümumilikdə hakimiyyətin varolma səbəbi rüşvət və korrupsiya üzərində qurulub. Bəzi adamlar düşünür ki, Talıbovu vurmaqla hər şey düzələcək. Amma siyasi sistem əl dəyişməklə davam edəcək” – deyə Nəsibov bildirib.
Mühacirətdə olan jurnalist deyir ki, həbslərə səbəb Zəngəzur dəhlizinin açılmasına İran qədər maneçilik törədən MR rəhbərliyinin dirənişidir:
“Talıbovun İranla bağlı informasiyaları da təsadüfi yayılmır. Naxçıvana təzyiqlərin arxasında Türkiyə hökumətinin olması şübhəsizdir. Əgər Talıbov dirənişin davam etdirərsə, oğlanlarının həbs olunmasına kimi işlər gedə bilər. Yox, əgər mərkəzi hakimiyyətə biət edərsə, Naxçıvanda korrupsioner bir neçə adamın həbsi üzərindən yeni vəzifəsini alıb, icra başçısı kimi işinə davam edəcək” – deyə İlqar Nəsibov bildirib.
İqtisadçı ekspert Elçin Rəşid deyir ki, gəlir vergisi və gömrük siyasəti üzrə ölkənin müxtəlif ərazilərində fərqli qanunlar qəbul edib, icra etmək iqtisadi baxımdan itkilərə səbəb olur. O deyir ki, baş verənlər yalnız itkiləri aradan qaldırmaq üçündür, korrupsiyanı yox:
“Korrupisyanın mənbəyi sistem problemidir, yəni bu gömrüyün necə işləməsi sisteminin özündə gizlənib. Dünyanın bir çox yerində gömrük məmurları idxalçılarla izdivaca gedə bilirlər, problem bu izdivacın gizli qala bilməsindədir. Yuxarıdan nəzarət, nəzarətə nəzarət, kadr dəyişikliyi bu problemi həll etmir, onu daha mürəkkəb formaya salır. Bu izdivac gömrük məmurunun cibinə xeyir, dövlət büdcəsinə isə birbaşa zərər olduğundan, burada maraqların konflikti yaranır. Yəni, dövlətə zərər vurmaq məmurun xeyrinədir. Sistemin korrupsiyaya meylli olmasının kökündə bu durur” – deyə Elçin Rəşid bildirib.
İqtisadçı deyir ki, Gömrük Komitəsinin qaranlıq sövdələşmələrə getməsi, nəticədə onu mafiyalaşmış struktura çevirir:
"Əsas problem odur ki, gömrük məmuru müəyyən idxalçılarla gizli izdivaca gedərkən, onlar üçün daha rahat şərtlər yaradır və avtomatik olaraq digər idxalçılar və potensial idxalçılar üçün çətin şərtlər yaranır. Nəticədə, ölkədə həmin sektorlar üzrə ədalətli rəqabət itir. Rəqabət bitdikdə isə ən səmərəli şirkətlər yox, gömrük orqanları ilə gizli izdivaca gedən şirkətlər, mafiyalaşmış strukturlar müvafiq sektorlarda aparıcı rola sahib olurlar. Beləliklə, sektor və onun kadrları inkişafdan qalır, primitivləşir, sektorun şirkətləri beynəlxalq rəqabətlərdə uduzur və ölkə iqtisadiyyatı geriyə gedir”- deyə iqtisadçı bildirib.