Deputatlar "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini təqdir ediblər
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
APA bildirir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı tədqiqatların nəticələri açıqlanıb. Rəyi öyrənilənlərin 90,2 faizi hesab edir ki, partiyalara edilən maliyyə yardımlarına Hesablama Palatası vasitəsi ilə dövlət nəzarəti təmin edilməlidir.
Qurumun İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, müvafiq təkliflər də nəzərə alınmaqla yekunda mükəmməl bir qanun qəbul olunacaq: “Bu qanun layihəsi ilə bağlı kəskin mövqedən çıxış edənlər də sonda bunu görəcəklər”.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu qeyd edib ki, siyasi sistemin məhəlliləşdirilməsinə yol vermək olmaz və qanun da bu məqsədə xidmət edir: “Tutaq ki, Yevlaxda kiminsə qohum-əqrəbasını başına yığıb partiya yaratması anormal hal olardı”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qanun layihəsində partiyalar üçün üzv tələbinin min nəfərdən 10 min nəfərə çatdırılmasına normal yanaşdığını söyləyib: “Çünki kimsə min nəfər qohum-əqrəbasını yığıb bir partiya yarada bilər. Bu da anormal haldır”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli STM-in sorğusunda qadınların partiya sədri seçilməsi ilə bağlı məqama toxunub: “Guya kimsə qadını sədr seçəcəksə, biz bunun əleyhinə olacağıq? Seçilsinlər, kim nə deyir?”.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə qanun layihəsinə yaradılan partiyaların sədrlərinin psixoloji yoxlamadan keçirilməsi barədə müddəanın daxil edilməsini təklif edib.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, Azərbaycanda iki partiya olsa, bəsdir: “ABŞ da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır. Azərbaycanda da əsas iki partiya olmasını istəyərdim. Digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar, birləşsinlər”.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsindəki bəzi müddəalar müxalif partiyaların və vətəndaş cəmiyyətinin etirazına səbəb olub.
Qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması təklif olunur. Hazırda bu tələb min nəfərdir.
Bundan başqa, seçkiləri 2 dəfə ardıcıl olaraq boykot edən partiyaların qeydiyyatının ləğvi təklif olunur.
Həmçinin qanun layihəsində qeyd olunur ki, siyasi partiya yaratmaq istəyən şəxs son 20 ildə Azərbaycanda daim yaşamalıdır.