"İşığı və qazı kəsiblər, şəxsi mülkümə müdaxilə edib, qapının cəftəsini 4-cü dəfədir xarab ediblər"
“Sabah da bir daş salıb üstümə öldürəcəklər, deyəcəklər daş düşüb ölüb. Uşaqlarım da burda deyillər, xaricdə yaşayırlar”
Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yaşayan Lyudmila Ağayeva hər gün evinin söküləcəyi qorxusu ilə yaşadığını deyir. O iddia edir ki, evini zorla əlindən alıb, sökmək istəyirlər. Onun sözlərinə görə, iki il əvvəl “İnvest.M Construction” MMC şirkətinin nümayəndələri onlara gələrək evlərinin plana düşdüyünü bildiriblər.
Şikayətçi deyir ki, şirkətin təklif etdiyi məbləğ evin dəyərinə uyğun deyil, ona görə yaşadığı mənzildən çıxmaq istəmir:
“Mənim kanalizasiya xəttimi tutublar, işığı və qazı kəsiblər, şəxsi mülkümə müdaxilə edib, qapının cəftəsini 4-cü dəfədir xarab ediblər. Adam göndərib məni hədələyirlər, narkomanları gətirib bizim mərtəbəyə yığırlar. Ola bilər şəhərimizin gözəlləşməsi məsələsi var, plana düşüb. Amma prezidentin də qərarı var ki, sonuncu sakinlə razılaşmamış, sonuncu sakin evdən çıxmamış sökmək olmaz. Bunlar qoçu dəstəsidir” – deyə Lyudmilla Ağayeva gileylənir.
"Sabah da bir daş salıb üstümə öldürəcəklər, deyəcəklər, daş düşüb ölüb"
Şikayətçi deyir ki, onlarla şirkətin adından Şahin və Mahir adlı iki nəfər danışır. Onun sözlərinə görə, adamlar hədə-qorxu gəlirlər ki, evini uçuracağıq:
“Bizim ev ikiotaqlıdır, 60 kvadratmetrdir. 8 il əvvəl evi 85 min manata almışam. Deyirəm ki, 85 min manat da üstünə qoyun verin, evdən çıxım. 100 min manat təklif edirlər. Mənim qaldığım yerdə 100 min manata heç birotaqlı ev yoxdur. Məhkəmə qərarı da var, ancaq veclərinə deyil. Məni intihar həddinə gətiriblər. Sabah da bir daş salıb üstümə öldürəcəklər, deyəcəklər, daş düşüb ölüb. Uşaqlarım da burda deyillər, xaricdə yaşayırlar” – deyə şikayətçi bildirib.
Prezidentin 2011-ci ildə imzaladığı Milli Fəaliyyət Proqramında qeyd olunurdu ki, əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması istiqamətində addımlar atılacaq.
Hüquqşünas Xalid Ağaliyev isə deyir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı 2022-ci ilə qədər elan etdiyi qərarlardan 44-də mülkiyyət hüququnun pozuntusu tanınıb:
"Həmin qərarlarda mülkiyyət hüququ pozulan ərizəçilərin sayı 200-ə yaxındır. Bu kateqoriyada Azərbaycan mülkiyyət hüququnu ən çox pozan 15-ci Avropa Şurası ölkəsidir.
Ermənistana qarşı 36, Gürcüstana qarşı isə 8 işdə mülkiyyət hüququnun pozuntusu tanınıb"- deyə hüquqşünas bildirir.
Vəkil Fəxrəddin Mehdiyev deyir ki, Azərbaycanda mülkiyyət hüququ məsələlərində məhkəmələrin müdafiəsi çox zəifdir:
"Bəzən vətəndaşa aid mülkin kompensasiyası ödənilmədən əldən çıxarılması, ələ keçirilməsi olur. Bu, əsasən dövlət və şirkətlər tərəfindən həyata keçirilir. Təəssüf ki, iş məhkəməyə gedəndə bəzi hallarda məhkəmədə həllini tapmır və ya məhkəmələr illərlə uzanır. Əgər ictimai və dövlət ehtiyacları üçün vətəndaşın mülkü alınırsa, onun kompensasiyası əvvəlcədən ödənilməlidir” – deyə vəkil bildirib.
Şirkətin meneceri Şahin Əliyev AbzasMediaya bildirib ki, deyilənlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, hazırda heç bir söküntü aparılmır.
“Biz deyirik ki, bazar qiymətindən bir az da artıq pul verək, evi alaq. Ancaq bəzi sakinlər qəbul etmirlər, 40 kvadratmetr evə görə 200 min manat istəyirlər. Bizim kommunal xidmətlərə müdaxilə etməyimiz, əraziyə narkomanları gətirməyimiz yalandır. Orada boşalan evlər var idi, narkomanlar boş görüb ora girirdilər. Biz də bununla bağlı əlaqədar qurumlara müraciət etdik, tövsiyyə etdilər ki, ora hasar çəkək. İndi çalışırıq ki, vətəndaşlarla kompromisə gedək".
Bakı İnzibati Məhkəməsinin 9 iyul 2021-ci il tarixli qərardadında “İnvest M. Construction” MMC-yə Mirqasımov küçəsi ev 4 ünvanında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması qadağan edilib.