Fəal həbs edilməmişdən əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Vüqar Ələkbərovla görüşüb
Dekabrın 9-da barəsində 50 günlük həbs qətimkan tədbiri seçilən ictimai fəal Bəxtiyar Hacıyevin 1 saylı Bakı İstintaq Təcridxanasında telefon danışığına qadağa qoyulub.
Onunla görüşdən çıxan vəkil Aqil Layıc AbzasMedia-ya bildirib ki, dekabrın 10-dan bəri istintaqın gedişatı boyunca fəalın telefon danışıqları yasaqlanıb. Vəkil bildirib ki, qərarı əldə edən kimi, bu barədə şikayət verəcək:
“Ailə ilə telefon danışığına heç bir halda qadağa qoyula bilməz və bu yöndə səlahiyyətlərini aşıblar. Halbuki bu tip qərarlar konkret əsaslandırılmalıdır. Ailənin fəalla əlaqə saxlaması istintaqa necə maneə törədə bilər? Əlbəttə, heç cür” – vəkil əlavə edib.
Bəxtiyar Hacıyev saxlanma şəraitindən narazılıq etməyib.
Vəkil bildirib ki, artıq həbslə bağlı apellyasiya şikayəti verib.
Vəkilin sözlərinə görə, fəalın ittiham edildiyi maddələrlə həbs qətimkan tədbiri seçilə bilməz:
“Bu ittihamla bağlı Azərbaycanda indiyə qədər heç kim tutulmayıb. Bəxtiyar yeganə haldır”.
Fəalın yaxınları AbzasMedia-ya bildirib ki, B.Hacıyevin həbsinə səbəb xaricdə keçirdiyi görüşlərdə azərbaycanlı məmurlara qarşı sanksiya qoyulmasını tələb etməsi olub.
Bildirilib ki, fəal həbs edilməmişdən bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin (BŞİH) rəis müavini, general Vüqar Ələkbərovla görüşərək ona, həmçinin daxili işlər naziri Vilayət Eyvazov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) rəisi Əbülfət Rzayev və DİN-də adları insan haqları pozuntularında hallanan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi barədə təşəbbüs irəli sürəcəyini deyib.
Fəalın yaxınlarının məlumatına görə, V.Ələkbərov bu barədə yuxarı instansiyalara məruzə etdikdən sonra, B.Hacıyevin həbsinə qərar verilib.
Qeyd edilib ki, dekabrın 8-də xarici səfərdən qayıdan Bəxtiyar Hacıyevə görə növbəti gün tələsik istintaq qrupu yaradılıb:
“İstintaq qrupuna Ədliyyə Nazirliyini, Baş Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsini də cəlb ediblər. İstintaq qrupunu isə baş prokurorun müavini Elçin Məmmədov yaradıb. Bütün bunlar dekabrın 9-da baş verib” – məlumatda deyilib.
Hadisə 2021-ci ilin 15 oktyabrında Bəxtiyar Hacıyevlə jurnalist Ülviyyə Alovlu arasında məhkəmə mübahisəsi zamanı yaranıb. B. Hacıyev Ü. Alovlunun onu təhqir etdiyini əsas gətirərək əlindəki vərəqləri onun oturduğu stolun üstünə vurduğunu deyib. Hadisə ilə bağlı məhkəmə zalından video görüntülər də yayılıb.
Bir müddət sonra Ü. Alovlu hadisə nəticəsində xəsarət alması ilə bağlı ekpertiza rəyi təqdim edib.
Bəxtiyar Hacıyev iddia edib ki, Ülviyyə Alovlu ümumiyyətlə həkimə getməyib, ekspert rəyləri də saxtadır. O, Ü.Alovlunun yalan ifadə verdiyinə görə, məsuliyyətə cəlb olunmasını tələb edib.
Fəalın vəkili deyib ki, 2022-ci il aprelin 10-da Yasamal rayon Məhkəməsində bu işə xitam verilsə də, sonradan eyni səbəbdən yenidən cinayət işi açılıb.
B.Hacıyev istintaqın düzgün araşdırılmadığını və əslində zərərçəkənin özü olduğunu əsas gətirərək xitam qərarından məhkəməyə şikayət ünvanlayıb. Amma nəticədə özü həbs olunub.
Vəkil bildirib ki, Bəxtiyar Hacıyev Apellyasiya Məhkəməsinin yenidən Bakı Şəhər Baş Polis İdarəsinə qaytardığı iş əsasında dekabrın 9-da idarəyə dəvət olunub və orada saxlanılıb.
Fəalın vəkili bildirib ki, Bəxtiyar Hacıyev həbsinin ictimai-siyasi fəaliyyətinə görə olduğunu deyib və bununla onu fəaliyyətindən kənarlaşdırmağa çalışdıqlarını vurğulayıb.
Dekabrın 9-da Xətai rayon Məhkəməsi Bəxtiyar Hacıyevə qarşı 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.
Beynəlxalq təşkilatlar fəalın həbsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. “Amnesty International”, ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ Dövlət Departamenti, o cümlədən Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına çağırıblar.