Üzvü 5 min nəfərə çatmayan siyasi partiyalar ləğv olunacaq

Üzvü 5 min nəfərə çatmayan siyasi partiyalar ləğv olunacaq Foto: Milli Məclis
16 Dekabr 2022
Mətni dəyiş

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə Milli Məclisdə təmsil olunmayan partiyalar da dövlətdən maliyyə yardımı ala biləcəklər

Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.

Qanun 6 fəsil və 30 maddədən ibarətdir.

Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. 

Qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

Bundan başqa, partiya üzvlərinin reyestrini tərtib edib müvafiq orqana təqdim etməlidir. 

Siyasi partiya azı 50 vətəndaş tərəfindən təsis edilə biləcək.

Bundan başqa, seçkilərdə iştirak edib, amma Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da dövlətdən maliyyə yardımı ala biləcəklər.

Siyasi partiyaya dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 2,5 faizi isə həmin siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünəcək.

Bundan əvvəl, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz edib. 
 
Partiya hesab edir ki, Azərbaycan hakimiyyəti yeni qanunla ölkədə çoxpartiyalı siyasi sistemi, real alternativ qüvvələri hüquq müstəvisindən çıxarıb, məhv etmək istəyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun