Son aylarda Almaniyadan Azərbaycana deportasiya edilən mühacirlərin bir neçəsi həbs ediliblər. Bu barədə onların yaxınları məlumat veriblər.
Məlumata görə, ötən ilin sonlarında readmissiya qaydasında Almaniyadan Azərbaycana qaytarılmış Xalq Cəbhəsi Partiyasının fəalı Pünhan Kərimli və Cəfər Mirzəyev narkotik ticarətində ittiham olunub. Onlar müxtəlif vaxtlarda saxlanılaraq həbs ediliblər. Bundan başqa, ötən ilin payızında yenə Almaniyadan göndərilmiş iki fəal - Mütəllim Orucov və Malik Rzayev narkotik ittihamı ilə həbs ediliblər. Həbs olunan şəxslərin hamısı Almaniyada olarkən Azərbaycan höküməti əleyhinə keçirilən aksiyaların iştirakçılarıdır. Vətəndaş Cəmiyyəti nümayəndələri bildirirlər ki, bu həbslər həm xaricdə olan mühacirlərinin səsini boğmaq, həm də qisas almaq mahiyyəti daşıyır. Hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama yoxdur.