7 Fevral 2022
Mətni dəyiş
Fevralın 7-də Azərbaycan 8 erməni hərbçini azad edərək erməni tərəfinə verib.
Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının verdiyi məlumata görə, azad olunanların bir qismi 16 noyabr 2021-ci ildə Kəlbəcər istiqamətində saxlanılıb.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Fevralın 4-də Fransa prezidentinin Azərbaycan prezidenti və Ermənistanın baş naziri, həmçinin Avropa Şurasının rəhbəri ilə keçirdiyi videokonfrans zamanı erməni tərəfi bununla bağlı müvafiq öhdəlik götürüb.