Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ölkənin iqtisadi göstəricilərinin artırılması ilə bağlı bir çox addımlar nəzərdə tutulurdu.
Konsepsiyada deyilirdi ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çataq. Ancaq 2020-ci ilin göstəricilərinə nəzər saldıqda görürük ki, rəqəmlər konsepsiyada nəzərdə tutulan hədəflərdən xeyli kiçikdir.
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində yer alan məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən real ÜDM 4,5% artıb. 2022-ci ildə bu göstəricinin 3,3% artaraq 8 590 manat, 2023-cü ildə 4,4% artaraq 9 187 manat, 2024-cü ildə 3,3% artaraq 9 690 manat, 2025-ci ildə isə 2,3% artaraq 10 083 manat təşkil edəcəyi proqnozlaşdırılır.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin son proqnozuna əsasən, 2022-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 951 dollara çatacaq.
Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə isə, sözügedən göstərici 2022-ci ildə 1,1%, 2023-cü ildə isə 0,5% artacaq.
Fonda görə, baza ili 2005-ci il götürülməklə isə əhalinin hər nəfərinə düşən real ÜDM-in həcmi 2022-ci ildə 2 926 manat, 2023-cü ildə isə 2 941 manat təşkil edəcək.
2020-ci ildə Azərbaycanda adambaşına ÜDM 5% azalaraq 7 263 manata enmişdi. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə göndərdiyimiz sorğuya verilən cavabda qeyd edilib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapan tədbirlərin icrasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”də qeyd olunan hədəflərə nail olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.