Azərbaycanda parlamentin 3-cü oxunuşundan da keçərək təsdiq üçün prezidentə göndərilən yeni "Media haqqında" qanuna Avropa Şurası Parlament Assambleyasının Venesiya Komissiyası rəy verəcək.
Bu barədə Venesiya Komissiyasının saytındakı məlumatda deyilir. Qeyd olunur ki, komissiya qanuna Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri cənab Piero Fassinonun sorğusu əsasında rəy verəcək. "Media haqqında" yeni qanun Azərbaycanda etirazlara səbəb olub. Media nümayəndələri bildiriliblər ki, qanun ifadə azadlığını boğmaq, jurnalistləri peşə fəaliyyətlərindən çəkindirmək məqsədi güdür. Belə ki, yeni qanunla artıq kimlərin jurnalist və media qurumu olmasını dövlət müəyyən edəcək. Bununla bərabər, yayımlanan kontentlər dövlət istədiyi zaman mübahisə predmeti ola biləcək və qanun dövlətə bu istiqamətdə jurnalistlərin yazıları üzərində təsiri olmaq səlahiyyəti verir. Qanun ciddi etirazlara, hətta aksiyalara səbəb olsa da, parlamentin 3 oxunuşundan da təsdiq olunaraq keçib. Ancaq prezident tərəfindən imzalanmadığına görə, hələlik qəbul olunmayıb.