Azərbaycan Respublikası Nazirlər Kabineti 2021-ci il üçün hesabat yayıb. Hesabatda Ermənistan və Azərbaycan arasında baş verən hadisələrə xüsusi yer verilib.
Sənəddə deyilir ki, Ermənistan tərəfindən il ərzində Azərbaycana qarşı qarayaxma kampaniyası aparılıb.
"Kampaniyanın əsas elementlərindən birini təşkil etmiş "hərbi əsirlər" mövzusu üzrə irəli sürülən əsassız ittihamların neytrallaşdırılması, məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması diqqət mərkəzində olduğu qeyd edilib".
Hesabatda Azərbaycanın Ermənistan tərəfinin hərəkətləri barədə müvafiq beynəlxalq təşkilatlara məktublar ünvanlandığı bildirilir.
“Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının xarici işlər nazirinə məktublar ünvanlanıb”.