67 il öncə martın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) banisi Məhəmməd Əmin Rəsulzadə vəfat edib. “Rəsulzadənin ev-muzeyi” ictimai qrupunun rəhbəri, tarix professoru Solmaz Rüstəmova-Tohidi Azərbaycan ictimaiyyətinə müraciət edərək Bakıda belə muzeyin açılması ilə bağlı 2019-cu ilin dekabrında Azərbaycanın və digər ölkələrin yüzdən çox ictimai xadiminin imza atdığı ictimai təşəbbüsü xatırladıb.
O bildirir ki, qrup məqsədinə "nail olmayıb, nail ola bilmirik. Biz elmi konfrans keçirmişik və Rəsulzadə irsi haqqında kitab-məqalələr toplusu nəşr etmişik. Lakin qrupun məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun ev-muzeyinin açılması olaraq qalır".
Rüstəmova-Tohidi yazır: "Rəsulzadə ömrünün son illərində Bakıda ailəsilə bərabər Vorontsov küçəsi, 15-də (hazırda İslam Səfərli, 15) yaşayıb. 1920-ci ilin payızında həbsdən azad edildikdən sonra bu mənzildən Türkiyəyə mühacirət edib. 1935-ci ilə qədər bu mənzildə onun ailə üzvləri yaşayıb".
14 sentyabr 2021-ci ildə təşəbbüs qrupu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Əzizova müraciət edərək bu evin divarına xatirə barelyefinin vurlmasını xahiş edib. Müraciətin ünvana çatdırıldığı barədə bildiriş alıblar. Mövcud qaydalara görə, bir ay ərzində cavab verilməlidir. Hətta əlavə sorğulardan sonra belə heç bir cavab yoxdur. İki aydan sonra onlara xüsusi qaydada izah edilib ki, müraciəti baş nazirə və ya Azərbaycanın birinci vitse-prezidentinə göndərmək daha yaxşı olardı.
2021-ci il noyabrın 12-də ictimaiyyət nümayəndələri Mehriban Əliyevaya müraciət ediblər. Bir neçə gündən sonra Prezident Administrasiyasından onlara zəng edərək Rəsulzadənin yaşadığı evin ünvanını dəqiqləşdiriblər. İctimai xadimlər bundan ruhlanıblar. Amma 4 ay keçib, cavab yoxdur.
Solmaz Rüstəmova-Tohidi bildirir ki, dekabrın 19-da dəqiqləşdirib və öyrənib ki, müraciət barədə Mehriban Əliyevaya məlumat verilməyib.
O hesab edir ki, hakimiyyətin bu cür münasibətinin səbəbi rəsmi dairələrin Rəsulzadənin xatirəsinə olan ümumxalq ehtiramını tanımaq istəməməsidir. O, bəzi adamların məsləhətlərinə əməl etmək və qeyri-legitim yollarla məqsədinə nail olmaq niyyətində deyil.
Rüstəmova-Tohidi müraciətə məhəl qoyulmaması ilə bağlı vəziyyəti bütün Azərbaycan ictimaiyyətinə çatdırmaq niyyətindədir ki, ictimaiyyət öz sözünü desin, Rəsulzadənin evinə xatirə lövhəsinin vurulması təşəbbüsünə öz dəstəyini nümayiş etdirsin.
Solmaz Rüstəmova-Tohidi Milli Məclisin üzvləri Rafael Hüseynov, Qənirə Paşayeva, Fazil Mustafa, Etibar Əliyevə müraciət edir, onlardan öz fikirlərini bildirmələrini xahiş edir. Həmçinin ictimai qrup 15-dən çox xarici diaspor təşkilatının, xaricdə yaşayan soydaşlarımızın, Ankarada fəaliyyət göstərən "Rəsulzadə ailəsi" dərnəyinin münasibət bildirməsini gözləyir.