Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, idarənin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir. Hər prosesdə zərərçəkənlər dinlənilir.
Zərərçəkənlərdən biri olan Əfsəl Həsənəliyev sonuncu məhkəmə prosesində keçmiş baş prokuror Zakir Qaralovun və onun birinci müavini Rüstəm Usubovun istintaqa cəlb olunmasını istəyib.
Həsənəliyev bildirib ki, ondan azadlığa çıxması üçün pul tələb olunub və bildirilib ki, Qaralov və Usubov üçün ayrıca pul verməlidir.
"Məni 5 ay həbsdə saxlayıb, başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara düşdülər. Onda müstəntiq Yasin Məmmədov kabinetində mənə dedi ki, sizin həbsiniz üçün təqdimata prokurorluq rəhbərliyi - Zakir Qaralov, Rüstəm Usubov qol çəkib. Onların da hesabı çatmasa, buradan çıxa bilməyəcəksən, çürüyəcəksən", – Həsənəliyev AzadlıqRadiosuna bildirib.
Həsənəliyev bununla bağlı ölkə rəhbərliyinə və prokurorluğa da müraciət edib.
Hazırda məhkəmə prosesləri Bakı Hərbi Məhkəməsində aparılır.