Vətənə qayıtmaq istəyən yüzlərlə azərbaycanlı Dağıstanda ağır şəraitdə sərhəddən keçməyi gözləməyə məcburdur. Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.
“Rusiyalı sərhədçilər soydaşlarımızı Dərbənd yaxınlığındakı Macalis yaşayış məntəqəsində fəaliyyət göstərən sığınacağa yönləndirirlər. Lakin ölkəmizə qayıtmaq istəyənlərin sayı çox olduğu üçün onlar bu düşərgəyə yerləşmir, insanlar yağışlı-qarlı havada açıq səma altında gecələmək, antisanitariya şəraitində ac-susuz yaşamaq məcburiyyətində qalırlar”, - sənəddə deyilir.
Azərbaycan hökuməti bu vəziyyəti koronavirus pandemiyası ilə əlaqədar sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlərlə izah edir.
İki il ərzində Azərbaycan hakimiyyəti əvvəlcədən tərtib edilmiş siyahılar üzrə sərhəddən ayda 1 dəfə buraxılışı təmin edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sonuncu dəfə fevralın 28-də 540 nəfərin “Yaraq Qazmalar – Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycana qrup halında keçidi təmin edilib.
Rusiyadan qayıdanların sayının artması Ukraynaya hərbi təcavüzə cavab olaraq Rusiyaya qarşı sanksiyalar səbəbindən bu ölkədə iqtisadi vəziyyətin pisləşməsindən qaynaqlanır.
Rusiya və Azərbaycan arasında birbaşa hava əlaqəsinin dayandırılması da vəziyyəti ağırlaşdırır.
Ukraynanı tərk edən azərbaycanlılar Moldova ərazisində də analoji problemlərlə üzləşməkdədirlər.
Müsavat Partiyası Rusiyadan və Ukraynadan Azərbaycana köçün getdikcə artacağı barədə xəbərdarlıq edərək, Azərbaycan hakimiyyətindən ölkə vətəndaşlarına sahib çıxmasını, soydaşlarımızın sərhədi keçməsilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.