Daxili İşlər Nazirliyi ictimai fəal Bəxtiyar Hacıyevi xuliqanlıqda ittiham edir. Bu barədə qurumun açıqlamasında qeyd olunub.
Açıqlamaya görə, Bəxtiyar Hacıyev və Ülviyyə Muradova işi üzrə baş tutan məhkəmə prosesində fasilə zamanı Bəxtiyar Hacıyev Ülviyyə Muradovanın ünvanına qeyri-etik ifadələr səsləndirərək qəsdən münaqişə yaradıb, ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Ülviyyə Muradovaya qarşı zor tətbiq edib sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq edib.
Nazirlik bildirib ki, fakta görə Yasamal Rayon Polis İdarəsində Cinayət Məclləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir, tamamlandıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Bəxtiyar Hacıyev isə ittihamları rədd edir və bildirir ki, o, Ülviyyə Muradovaya qarşı hansısa zorakılıq əməli törətməyib. Kağız parçasını masanının üzərinə vurub. Ülviyyə Muradovanın xəsarət almasına dair deyilənlər isə həqiqəti əks etdirmir. Hacıyev əlavə edir ki, məhkəmə iclasının tam videosu yayılsa, aydın olar ki, onun özü xuliqanlığa məruz qalıb.
Hadisənin üstündən aylar keçməsinə baxmayaraq, Daxili İşlər Nazirliyi bu iş üzrə istintaqı yekunlaşdırıb, bitirə bilməyib. Buna etiraz edən və işin ədalətli araşdırılmadığını deyən Hacıyev dəfələrlə Nazirliyin və nazirin ünvanına tənqidi fikiirlər səsləndirib. Buna görə də, bir neçə dəfə ictimai fəalla Bakı polisi arasında insident yaşanıb.