Azərbaycan Xalq Cəbəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və "Azadlıq" qəzetinin əməkdaşı Səadət Cahangirin ölkədən çıxışına qadağa qoyulub.
Jurnalist bildirib ki, bu məlumatı o, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərdiyi sorğunun cavabında öyrənib.
"Müalicə məqsədilə xarici ölkəyə getməyim üçün zərurət yaranıb. İki ay əvvəl Baş Prokurorluğa sorğu göndərərək, ölkədən çıxışına məhdudiyyət olub-olmadığını öyrənmək istədim. Martın 10-da mənə gələn cavab məktubunda bildirilir ki, 2020-ci il mayın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı mənim evimdə axtarış aparılıb və 6 saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində şahid qismində dindirilmişəm. O vaxtdan iki il ötür, həmin absurd cinayət işi başa çatıb, Niyaməddin Əhmədova hökm oxunub. Apellyasiya Məhkəməsi mənim evimdən götürülən pulumun və əşyalarımın qaytarılması haqda qərar çıxarıb. Əşyalarım hələ geri verilməsə də, artıq pulumu qaytarıblar. İndi müalicəmlə bağlı xarici ölkəyə qısa müddətlik səfər etməyə ehtiyacım var. Buna görə yanvarın 19-da Baş Prokurorluğa məktub yazaraq, ölkədən çıxışıma qadağan olub-olmadığı haqda məlumat verilməsini xahiş etdim. Böyük ehtimalla məhdudiyyətin olmadığını düşünürdüm. Amma yanıldım", deyə o qeyd edib.
Cahangir deyib ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun adından ona ünvanlanan məktubda deyilir ki, "sizin dövlət sərhədini keçmənizə müvəqqəti qadağa qoyulub".
Səadət Cahangirin sözlərinə görə, gələn cavab məktubunda onun şahid kimi dindirildiyi işdən hansısa hissəni ayırıb "stop"un saxlanıldığı bildirilir.
"Stop" da ölkədə müxalif fikirli insanlara işgəncə verməyin bir üsuluna çevrilib. Belə çıxır ki, heç bir əsas olmadan məni hansısa işə calayıb məhdudiyyətimi saxlayıblar. Biz haqqımızı nə qədər öz ölkəmizdə axtarmaq istəsək də, olmur. Məcbur edirlər ki, hər işdən ötrü Avropa Məhkəməsinə üz tutaq. Mən bunu istəmirəm, əlaqədar şəxslər də istəmirlərsə, Apellyasiya Məhkəməsinin qərarını rəhbər tutub, qısa vaxtda mənim ölkədən çıxışıma qoyulan məhdudiyyəti ləğv esinlər", deyə o bildirib.
Cahangir deyib ki, problemin həlli üçün baş prokuror Kamran Əliyevə teleqram vurub, Ombudsmana müraciət edib.
Öz növbəsində, Baş Prokurorluğun Mətbuat Xidmətindən Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun Səadət Cahangirə cavabını əsas gətirərək, əlavə şərh verməkdən imtina ediblər.