Azərbaycanın səhiyyə sahəsində illərdir mövcud olan bir çox problem tez-tez gündəmin əsas müzakirə mövzularından olur. Hökumət bu sahədə müxtəlif kadr və struktur dəyişikliyi etsə də, əhalinin sağlamlığına ümumi yanaşmanın dəyişdiyi hələ də müşahidə edilmir.
Xüsusən, sosial status daşıyan xəstəliklər, onlarla mübarizə, dövlətin bu xəstəliklərdən əziyyət çəkən insanlara tibbi təminatı tez-tez müzakirələrə səbəb olan mövzulardandır. Lakin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu problemlər də öz həllini tapmalı idi. Belə ki, konsepsiyada deyilirdi ki, Dövlət tərəfindən sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya maarifi işi, narkomaniya, alkoqolizmə və tütünçəkməyə qarşı mübarizə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcək. Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 2020-ci ildə ölkədə immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı ümumilikdə 8395 nəfər olub ki, bu da əvvəlki illərə nisbətən artım deməkdir. Bu xəstələrin 2481 nəfəri qazanılmış immunçatışmazlıq sindromu (QİÇS) ilə qeydiyyata alınıblar. Bəs dövlət bu istiqamətdə hansı addımları atıb? Görülən tədbirlər problemlərin həlli üçün yetərlidirmi?Məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq isə qurumdan bildirilib ki, konsepsiyada qarşıya qoyulan bütün hədəflərə çatılıb.