"Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı qaytarmamağa görə Bakı sakini Səadət Xəlilova 9 il həbs cəzası kəsilib. Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Xəlilov 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
İş üzrə zərərçəkmiş qismində Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyev tanınıb. İddia olunur ki, Xəlilov ondan mərmər biznesi adıyla üç dəfəyə (200 min, 800 min və 1 milyon manat) ümumilikdə 2 milyon alıb. Əliyev "Bakı Metropoliteni"nin keçmiş rəisinin dostudur.
"Əvvəl faizlərini vermişəm"
Məhkəmədə hökmdən öncə son sözünü deyən Xəlilov isə bildirib ki, Əliyevi zərərçəkən hesab etmir, çünki pulları ondan almayıb: "Mən pulu Tağı Əhmədovdan almışam, Soltan isə vasitəçi olub. Aylıq 1 faizlə - 1 milyona 10 min şərti ilə verilib. Yazıblar ki, guya qazanc adıyla alınıb pul. Qazanc oldu-olmadı, hər ay pul tələb olunursa, bunun adı faizdir. Əvvəl faizlərini vermişəm, sonra işdə problem yarandığına görə verə bilmədim. Mən Tağıya borcluyam...".
Xəlilov bu işlə bağlı düzgün araşdırma aparılmamasından, mülki məsələnin sifarişlə cinayət işinə çevrilməsindən də şikayətlənib. Onun sözlərinə görə, Xətai Rayon Məhkəməsi mülki qaydada bu işə baxıb onun üzərinə pulu qaytarmaq öhdəliyi qoymuşdu: "Tağı Əhmədov öz imkanlarından istifadə edib məhkəmə qərarı ola-ola bu məsələni cinayət işinə çevirdi. Məni həbs elədilər ki, istintaqa təsir göstərərəm. Hər yerə təsir göstərən Tağı idi. Bir tərəfdən dövlətdən pul alırdı, o biri tərəfdə də nə eləyirdi, özü bilir, Allahı bilir...".
"İstintaq bu məsələlərin heç birini araşdırmadı"
Təqsirləndirilən şəxs deyir ki, Əhmədovun özüylə yanaşı, oğlu, qardaşı oğlu və başqa qohumları dəfələrlə ona zəng vurub pulu tələb edib. Xəlilovun sözlərinə görə, hətta Nizami Rayon Məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədov bu məsələ ilə əlaqədar onun oğlu ilə də görüşmüşdü: "İstintaq bu məsələlərin heç birini araşdırmadı. Tağı Əhmədovun oğlu özünü əvvəl Soltanın qohumu kimi qələmə verdi. Müstəntiq deyir ki, biz haradan bilək ki, o adam Tağı Əhmədovun oğludur? Rauf Əhmədovu tanımayan var ki?!".
Xəlilov əlavə edib ki, məhkəmədən ədalətli hökm gözləmir. Buna baxmayaraq, bu işlə bağlı hüquqi müstəvidə mübarizəsini də sonadək davam etdirməkdə israrlıdır.