10 martda Səbail Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun prokurorluqdan verdiyi şikayətə baxılıb. Belə ki, Yaqublu ötən il polis tərəfindən döyülməsi ilə bağlı prokurorluğa müraciət etsə də, müstəntiqlər cinayət işi açmaqdan imtina etmişdi. Siyasətçi də bununla bağlı polisə müraciət etmişdi. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Yaqublunun şikayəti təmin edilməyib.
Tofiq Yaqublunun sözlərinə görə, o, məhkəmənin qərarını qəbul etmir və apellyasiya şikayəti verəcək.
"Məhkəmə də prokurluğun qərarını doğru saydı və o fikirdə oldu ki, mən özüm-özümü döymüşəm. Bu qərar sadəcə ayıb və rəzalətdir. Adam məhkəmənin qərarını izah etməyə söz də tapmır. Bu qədər absurd, bu qədər ağ yalan olarmı?", deyə o qeyd edib.
Tofiq Yaqublu ötən il dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirib ki, onu polislər döyüb.
Daxili İşlər Nazirliyi və nazir Vilayət Eyvazov Daxili Yaqublunu polislərin döyməsini istisna edib. Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib: "Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".
Səbail Rayon Prokurorluğunun gəldiyi nəticəyə görə, Yaqublu özü-özünə xəsarət yetirib. Tofiq Yaqublu hesab edir ki, onun döyülməsi siyasi fəaliyyəti ilə bağlıdır.