Ukrayna və Rusiya arasında hərbi gərginlik davam edir. Ukrayna ordusu ölkələrinə təcavüz edən Rusiya ordusuna növbəti zərbələri endirib. Məlumata görə, son gün ərzində Rusiya ordusuna aid 4 qırıcı vurulub. Ruslar bununla bərabər, xeyli sayda texnika və insan itiriblər.
Ukrayna və Rusiya nümayəndə heyətlərinin artıq 3 mərhələsi yekunlaşan danışıqlarının növbəti mərhələsi bu gün olacaq. Bununla bağlı Kremlin sözçüsü Dimitri Peskov açıqlama verib. Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak görüşü təsdiq edərək bildirib ki, danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək. Ukrayna prezidenti Vladimir Zelenski isə açıqlama yayaraq bildirib ki, nümayəndə heyətlərinin işi prezidentlərin görüşünü təşkil etməkdir: "Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - Prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etmək. İnsanların bu görüşü səbirsizliklə gözlədiyinə əminəm. Bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, mürəkkəb danışıqlar işində Ukrayna lazımi nəticəni alsın. Bu da bizim üçün zəruridir", - deyə o, əlavə edib.