Azərbaycanda sığorta-pensiya sahəsindəki problemlər müxtəlif zamanlarda bu və ya digər şəkildə gündəmin əsas müzakirə mövzularından biri olmaqda davam edir. Hökumət bu istiqamətdə dövlət təminatının əlçatımlı olmasında israr etsə də, statistikalara nəzər saldıqda aydın olur ki, heç də hər şey deyildiyi kimi deyil. Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu problemlərin 2020-ci ilədək öz həllini tapacağı vəd edilirdi. Lakin hüquqşünas İnara Camal deyir ki, bu illər ərzində inflyasiyaya əsasən pensiyalar indeksləşdirilsə də, bu, ümumi pensiya artımına elə də təsir etməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və Pensiya siyasəti şöbəsinin müdiri Aynurə Zamanova isə bildirir ki, ölkədə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial siyasətin prioritetlərindən biridir və ötən dövrdə bu istiqamətdə mühüm addımlar atılıb. Konsepsiyada əhalinin etibarlı sosial müdafiəsinin təşkili məqsədi ilə ölkədə sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin davam etdiriləcəyi və pensiya islahatlarının daha da dərinləşdirilməsi məqsədi ilə müvafiq dövlət proqramlarının qəbul ediləcəyi qeyd edilsə də, ötən bu illər ərzində aparılan müşahidələr göstərdi ki, nəzərdə tutulan hədəflərə nəinki çatılmadı, hətta əhali arasında bununla bağlı narazılıqlar da artmağa başladı. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına nəzər saldıqda 2021-ci ilin əvvəlində, yəni 2020-ci ili əhatə edən dövrdə ölkədə ümumilikdə 1 milyon 228 min 829 nəfər pensiya aldığını görmək mümkündür. Bu isə son 5 ildə qeydə alınan ən aşağı göstəricidir.