https://www.facebook.com/watch/?v=969155257324825
Uzun müddətdir Azərbaycanın təhsil sahəsinin əsas problemlərindən biri də yataqxanalardır. Azərbaycanda bir çox universitetlərin ya yataqxanası yoxdur, ya da bu yataqxanalardan təyinatı üzrə istifadə olunmur.
Hazırda Azərbaycanda 10-a yaxın yataqxana olsa da, onların bir çoxunda ya tam şəkildə, ya da müxtəlif korpuslarında 1-ci Qarabağ müharibəsindən sonra məcburi köçkün olmuş şəxslər yaşayır.
Bu da onsuz da məhdud yataqxanalara sahib olan universitetlərin işini bu sahədə iflic edir. Əsasən, rayonlardan gələn tələbələr kirayələrdə qalmağa məcbur olurlar ki, bu da əlavə vəsait deməkdir.
Ancaq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu problem də böyük ölçüdə öz həllini tapmalı idi.
Konsepsiyada deyilirdi ki, 2013-2020-ci illər ərzində Azərbaycanda universitet şəhərcikləri və müvafiq texnoparklar yaradılacaq.
Texnoparklar demişkən, Azərbaycanda texnoparkların yaradılmasına 2012-ci ildən başlanılıb. İlkin olaraq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində belə parkların yaradılacağı bildirildi. Bu parklar yaradılsa da fəaliyyətləri nə qədər effektivdir, bu sual doğurur. Çünki Azərbaycanda tələbələrin böyük əksəriyyəti bu texnoparkların varlığından ancaq müxtəlif sərgilər olanda xəbər tuturlar.
Abzas Media məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, son iki ildə pandemiya ilə əlaqədar yataqxanalar işləmir. Bu səbəbdən məlumat 2019-cu ilə olan məlumatlar əsasında hazırlanmışdır.
2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin tabeçiliyində 48 yataqxana binası mövcud idi. Bunlardan 1265 nəfərlik tutumu olan 8 təmirli bina fəaliyyət göstərirdi. Bundan başqa 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana binası mövcuddur. Ümumi tələbə sayının 180.000 yaxın olmasını nəzərə alsaq tələbələrin yataqxana ilə təmin olunmasının çox aşaağı (1.4 %) olduğunu müşahidə etmiş oluruq.
2020-2021-ci illərdə GDU-nun 3, BDU-nun isə 1 yataqxana binası təmir olunmuşdur. GDU-nun yataqxana binaları ümumilikdə 706, BDU-nun yataqxana binası isə 216 nəfərlikdir.
Bakı Mühəndislik Universitetinin (BMU) tərkibində Texnopark mövcuddur.
Universitet daxili startapların dəstəklənməsi layihəsi əsasında indiyə kimi 20-yə yaxın komandanın işi dəstəklənib. Hazırda bu cür startaplardan 10 layihənin dəstəklənməsi Texnoparkın İnkubasiya mərkəzində davam edir.
Qərbi Kaspi Universiteti Texnoparkı 2017-2018-ci tədris ilinin əvvəlində qurulmuşdur. Qərbi Kaspi Universiteti Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi və Texnopark olaraq birlikdə adları aşağıda qeyd olunan klublar yaradılıb və tələbələrin klublarda aktiv fəaliyyəti təmin olunmuşdur.
Ümumtəhsil məktəblərində təhsil alan istənilən şagird onlayn formada qeydiyyatdan keçərək Klublara üzv olur və mütəmadi olaraq Qərbi Kaspi Universiteti Texnoparkında yerləşən kluba gələrək robototexnika, mexatronika və elektronika avadanlıqları ilə təcrübi işlər görə bilirlər. Robototexnika Klubu eyni zamanda region məktəblərin oxuyan şagirdləri də nəzərə alaraq mütəmadi olaraq bölgələrə gedərək 1-3 günlük robototexnika təlimləri keçirlər.
`Açıq Qapı` günlərində Texnoparkda məktəblilərə seminarlar və təlimlər keçirilib onlara Burada hazırlanan prototiplər nümayiş etdirilmişdir.
2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalanmışdır. 2021-ci ilin iyun ayında isə Texnologiyalar Parkının təməli qoyulmuşdur.