10 May 2022
Mətni dəyiş
Dünyada uzun müddətdir uşaqların hüquqları ilə bağlı vahid bir yanaşma formalaşıb. Belə ki, bütün uşaqlar doğulduqları gündən etibarən qanunla təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlara malikdirlər.
Hazırda dünyada uşaqların hüquqlarını müəyyən edən ən ali sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyası olsa da, müxtəlif ölkələrdə uşaqların huquqları ilə bağlı daha aydın hüquqi baza formalaşıb. Azərbaycan da 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub.1998-ci ildə “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Hüquqşünas Emin Abbasov deyir ki, Azərbaycanla bağlı BMT-nin yekun müşahidələrinə baxdıqda uşaq hüquqları haqda konvensiyanın icrası ilə bağlı müxtəlif problemlərin uzun illərdir mövcud olduğunu görmək mümkündür.
Hüquqşünas bildirir ki, Azərbaycan hökuməti sonralar uşaq hüquqları ilə bağlı bir sıra digər qanunlar da qəbul edib.
Ancaq bu hüquqi bazanın uşaqların haqlarının qorunmasında yetərli olması mübahisəli mövzudur. Çünki zaman-zaman bu istiqamətdə problemlər görülməkdədir.
Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulurdu. Lakin göstərilən müddətdə nə məcəllə, nə də strategiya qəbul edilməyib. Yalnız 2020-ci il iyunun 2-də prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiqlənib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, yeni strategiya çox sayda məsələləri əhatə edir və 5 prioritet istiqaməti mövcuddur.
Xanım İbrahimova bildirir ki, Uşaq Strategiyası ilk növbədə uşaqlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsini, instutisional mexanizmin inkişaf etdirilməsini nəzərdə tutur.
Emin Abbasov isə deyir ki, uşaq hüquqlarının vəziyyətinə məcəllənin olmaması deyil, mövcud qanunvericilik aktlarındakı çatışmazlıqlar, beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş əsas standartların yerli qanunvericilik aktlarında əks olunmaması, həmçinin mövcud qanunvericiliyin məhkəmə və inzibati orqanlar tərəfindən tətbiq edilməməsi mənfi təsir edir.
Hüquqsünasın fikrincə, uşaq hüquqlarını tənzimləyən mövcud qanunlar təkmilləşdirilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalı, yaxud da vahid normativ hüquqi akt qəbul edilməlidir. Emin Abbasov bildirir ki, sözügedən düzəlişlər də hazırda mövcud olan problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər.